Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü bazar ertəsi bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının Qara dənizdən ixracına imkan verən BMT sazişini müzakirə etmək üçün yaxın vaxtlarda Rusiyaya səfər edəcək.
Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə imzalanan razılaşma bir il davam etdi. Lakin keçən ay Moskvanın sazişdən çıxdığını elan etməsindən sonra saziş qüvvədən düşüb. Ankara Rusiyanı Odessa dəniz limanlarının on milyonlarla ton taxılın daşındığı müqaviləyə qayıtmağa razı salmağa çalışır.
Taxıl ixracı müqaviləsi iflasa uğrayandan bəri Rusiya qüvvələri Ukrayna limanlarını yaylım atəşləri və kamikadze dronları ilə hədəfə alıb.
AK Partiya sözçüsü Ömer Çelik Ərdoğanın "tezliklə" Rusiyanın Qara dəniz sahilindəki kurort şəhəri Soçiyə səfər edəcəyini deyib. Lakin onun Rusiya prezidenti Vladimir Putinlə görüşüb-görüşməyəcəyini dəqiqləşdirməyib.
“Bu səfərdən sonra taxıl müqaviləsi ilə bağlı inkişaflar ola bilər və yeni mərhələlər əldə oluna bilər” deyə o, jurnalistlərə bildirib.
Kreml cümə günü iki liderin yaxın vaxtlarda şəxsən görüşmələri barədə razılaşdırmanın olduğunu bildirib.
Bloomberg agentliyi iki anonim mənbəyə istinadən xəbər verir ki, Ərdoğanın Putinlə görüşü gələn həftə, mümkündür sentyabrın 8-də, onun Hindistana Böyük 20-lər (G20) qrupunun toplantısına getməzdən əvvəl gözlənilir.