İranın məhkəmə sistemi bildirib ki, qadınları məcburi hicablarını çıxarmağa çağıran son mahnısına görə tanınmış pop müğənnisinə qarşı məhkəmə prosesi başlayıb.
Mehdi Yarrahiyə qarşı aksiya 22 yaşlı iranlı kürd Məhsa Əmininin həbsdə ölməsinin ölkədə aylarla davam edən etirazlara səbəb olmasından təxminən bir il sonraya təsadüf edir.
Əmini İslam Respublikasında qadının başının və boynunun örtülməsini tələb edən ciddi geyim kodunu pozduğu iddiası ilə həbs edilmişdi.
41 yaşlı Yarrahi ötənilki etiraz hərəkatını dəstəklədiyini ifadə edərək, cümə günü fars dilində "Sənin hicabın" mənasını verən "Roosarito" adlı mahnı yayımlayıb.
"İslam cəmiyyətinin əxlaq və adətlərinə zidd olan qanunsuz mahnının yayımlanmasından sonra Mehdi Yarrahiyə qarşı hüquqi iş açılıb", məhkəmə sisteminin Mizan Online saytında deyilir.
Rəsmi ittihamların nədən ibarət olduğu açıqlanmayıb. Yarrahi həbsdə deyil. Yarrahinin üç dəqiqəlik videoklipində etiraz hərəkatının “Qadın, həyat, azadlıq” şüarı öz əksini tapıb. O, qadınları "baş örtüklərini çıxarmağa" çağırıb və videoda saçları açıq şəkildə rəqs edən bir neçə qadın yer alıb.
Mizan Yarrahiyə qarşı qanuni tədbirlərin oktyabr ayında buraxdığı başqa bir "mübahisəli mahnını" da əhatə edəcəyini bildirib.
"Soroode Zan" və ya "Qadın Himni" adlı mahnı xüsusilə universitetlərdə etiraz hərəkatının simvoluna çevrilib.
2018-ci ildə Yarrahi ölkənin hökumət tərəfindən təşkil edilən ən mühüm musiqi tədbiri olan Fəcr festivalında ən yaxşı pop müğənnisi mükafatını alıb. O, konsertləri zamanı bir neçə dəfə əsasən də böyük ərəb azlığının olduğu doğma Xuzistan əyalətində insanların marginallaşdırılması ilə bağlı hakimiyyəti tənqid edib.
Tehranın xaricdən qaynaqlanan "iğtişaşlar" kimi etiketlədiyi etirazlar zamanı minlərlə iranlı həbs edilib, onlarla təhlükəsizlik işçisi də daxil olmaqla, yüzlərlə insan öldürülüb.
Məcburi hicablara son qoyulması tələbi ilə keçirilən kütləvi etiraz aksiyaları başlayandan iranlı qadınlar sərt geyim qaydalarını getdikcə daha çox pozur. Keçən ay dövlət mediası polisin başlarını açanlara qarşı yenidən patrul xidmətinə başladığını bildirib.