Respublikaçı namizədlərin ilk debatı prezidentliyə iddiaçılar arasında qızğın mübahisə şəraitində keçdi

Your browser doesn’t support HTML5

Respublikaçı namizədlərin ilk debatı prezidentliyə iddiaçılar arasında qızğın mübahisə şəraitində keçdi 

Birləşmiş Ştatlarda prezidentlik uğrunda mübarizə aparan səkkiz Respublikaçı namizəd 2024-cü il seçkilərindən öncə Viskonsin ştatında ilk debatlarını keçiriblər. Keçmiş president Donald Tramp rəy sorğularına əsasən, digər namizədlərdən xeyli irəlidə olduğunu hesab edərək, debatlara qatılmayıb. Respublikaçılar Partiyasından prezidentliyə namizədlər arasında partiyadan nominasiya almaq uğrunda gərgin mübarizə gedir. Prezidentliyə bəzi bəzi ddiaçılar dörd cinayət ittihamı ilə üzləşən keçmiş president Trampla bağlı kəskin tənqidlə çıxış ediblər.

Respublikaçıların bu seçki mövsümündə ilk iki saatlıq debatı zamanı müzakirələrdə iştirak etməyən və partiyadan prezidentliyə iddiaçılar arasında öncül namizəd, keçmiş prezident Donald Trampla bağlı qızğın fikir mübadiləsi aparıldı.

Trampın administrasiyası dövrünün vitse-prezidenti Mayk Pens və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi kimi bəzi namizədlər Trampın onların dediyi kimi, Konstitusiyaya hörmətsizlikdən əlavə, onun qarşılaşdığı 90-dan çox ağır cinayətə görə yenidən seçilmək üçün diskvalifikasiya olunmalı olduğunu hesab etdiklərini bildiriblər.

Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli deyib ki, “Tramp Amerikada ən çox sevilməyən siyasətçidir”. “Bu yolla biz ümumi seçkilərdə qalib gələ bilməyəcəyik”, o bildirib.

Bununla belə, rəy sorğularında populyarlıq qazanan, böyük siyasətdə yeni fiqur olan Vivek Ramasvami Trampı dəstəkləyərək, onu “21-ci əsrin ən yaxşı prezidenti” hesab etdiyini bildirib.

Ramasvami həmçinin Amerikanın Ukraynaya dəstəyini sual edərək, fərqli mövqe sərgiləmiş oldu və Çinin ABŞ üçün Rusiyadan daha böyük təhlükə yaratdığını söylədi. ABŞ-ın BMT-dəki keçmiş səfiri olmuş Nikki Heyli də daxil olmaqla digər namizədlər, Rusiya qüvvələrinə qarşı özünü müdafiə ednə Ukraynaya güclü dəstək ifadə etdi.

Debatdan sonra Pens jurnalistlərə deyib ki, onun debat səhnəsində enerjisi heç kəsi təəccübləndirməməlidir.

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens: “Mən Tramp-Pens administrasiyasında mühafizəkar dəyərlərin aparıcı müdafiəçisi idim. Mən necə mübarizə aparacığımı bilirəm və bu gecə bu mübarizəni gerçəkləşdirdiyim üçün xoşbəxt idim”.

Debatlarda Pensin əsas rəqibi olan Ramasvami keçmiş vitse-prezidentin ona qarşı şifahi hücumlarından xoşlandığını deyib.

Vivek Ramasvami, Respublikaçı namizəd: “Mayk Pens mənimlə təcrübə fərqindən danışır. Bu, yaxşı bir şeydir, çünki mən bu ölkədə insanların 1980-ci ildə əzbərlədikləri şüarları təkrarlayan adamların geri qayıtmasında maraqlı olduğunu düşünmürəm”.

Respublikaçılar ikinci debatlarını gələn ay Kaliforniya ştatında keçirəcəklər. Lakin namizədlərdən biri partiyadan nominasiyanı qəbul etmək üçün gələn ilin iyul ayında Viskonsin ştatında eyni səhnəyə qayıdacaq.