Avqustun 24-də Bakıda Azərbaycan və Belçikanın xarici işlər nazirləri Ceyhun Bayramov və Hadja Lahbib arasında danışıqlar zamanı ikitərəfli əlaqələrlə yanaşı regionda sülh və Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə olunub. Lahbibin Bakıya gəlişi Yerevana səfərindən sonra baş verib.
Bakıdakı danışıqların diqqət mərkəzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdrılması, Qarabağdakı durum və Şərq-Qərb nəqliyyat dəhlizi olub.
Nazir Ceyhun Bayramov bildirib ki, sülh sazişinin əldə olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaq, ölkələrin ərazi bütövlüyü və suverenliyinə təkcə sözdə və bəyanatda deyil, həm də real əməllərdə qarşılıqlı şəkildə hörmət etmək lazımdır.
Öz növbəsində, belçikalı nazir Hadja Lahbib qeyd edib ki, onun regiona səfərinin səbəblərindən biri “Qarabağ bölgəsindəki gərginlik”dir.
Azərbaycanın “Ermənistanla sülh əldə etmək üçün” böyük səylərini qeyd edən Lahbib qeyd edib ki, Yerevanda o, Ermənistanın xarici işlər nazirinə də deyib ki, “indi uzunmüddətli sülhə nail olmaq üçün tarixi fürsət yaranıb".
“Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir. Hər iki ölkənin başçıları da ərazi bütövlüyü və suverenliyə hörmətin vacibliyini bəyan ediblər. Səmimiyyət və cəsarət vacibdir. Biz əməkdaşlığı davam etdirməliyik,” nazir bildirib.
“Biz istəyirik ki, Laçın dəhlizində heç bir məhdudiyyət olmasın, bu fayda vermir, imkanları məhdudlaşdırır. Biz bu məsələnin həllini istəyirik. İnanırıq ki, Azərbaycan bu məsələni məsuliyyətlə həll edə bilər”, Lahbib bildirib.
Bayramov öz növbəsində qeyd edib ki, Ermənistanın humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi marşrutlardan imtina etməsi məsələni siyasiləşdirir.
“Humanitar yardımı yalnız bir marşrutla qəbul etmək, digər alternativ yollardan imtina etmək məsələni siyasiləşdirmək deməkdir. Ermənistan məhz bunu edir,” o qeyd edib.
Hadja Lahbib 2024-cü ilin yanvarından Belçika Krallığının Avropa İttifaqına (Aİ) sədrlik edəcəyini bildirib. O, Belçikanın sədrliyi dövründə regiondakı durumun müzakirə ediləcəyini deyib.
Bu zaman nazir Bayramov Belçikanın sədr funksiyasını yerinə yetirdiyi dövrdə ikili standartların olmamasının vacibliyini diqqətə çatdırıb.
O, Laçın buraxılış məntəqəsində məhdudiyyətlərlə bağlı sualın cavabında deyib ki, məntəqə məhdudiyyət olmadan fəaliyyət göstərir.
"Ölkələrin suverenliyinə hörmət dedikdə, təbii olaraq bütün əməliyyatların, ölkəmizə giriş-çıxış, o cümlədən humanitar təşkilatların fəaliyyətinin ölkənin qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsini nəzərdə tuturuq."
Bundan öncə Ermənistana səfəri zamanı Lahbib Belçikanın Yerevanda səfirlik açmaq qərarını öz ölkəsinin Ermınistanla siyasi münasibətlərə nə dərəcə əhəmiyyət verməsinin təzahürü kimi qiymətləndirib.
"Bu qüdrətli jest bizim siyasi münasibətlərə nə qədər böyük dəyər verdiyimizi göstərir. Biz bütün sahələrdə münasibətləri genişləndirmək əzmindəyik," Lahbib bildirib.