Yunanıstan və İspaniyada meşə yanğınları davam edir

Yunanıstanda və Afrikanın şimal-qərb sahillərində yerləşən İspaniyanın Kanar adalarından birində böyük meşə yanğınları davam edir. İsti, quru və küləkli hava şəraiti bir neçə gündür yanğınlarla mübarizə aparan yüzlərlə yanğınsöndürənin səylərinə mane olur.

Avropa İttifaqı rəsmiləri 2022-ci ilin 2017-ci ildən sonra qeydə alınan meşə yanğınlarının zərərinə görə ikinci ən pis il olduğunu qeyd edərək, Avropada meşə yanğınlarının tezliyi və intensivliyinin artmasında iqlim dəyişikliyini günahlandırıb.

Yunanıstanda səlahiyyətlilər bazar ertəsi səhər baş verən meşə yanğınından sonra Afinanın təxminən 100 kilometr şimal-qərbində, mərkəzi Viotia bölgəsində iki kəndin boşaldılmasını əmr edib.

Sahil mühafizəsi dəniz yolu ilə evakuasiya zərurəti yaranarsa, iki patrul kateri və bir neçə balıqçı qayığı və şəxsi gəmiləri hazır vəziyyətə gətirib.

Səlahiyyətlilər təxliyə edilən ərazidə bir qoyun tövləsindən bir kişi cəsədinin tapıldığını deyib. Yerli medianın verdiyi məlumata görə, adam mal-qarasını xilas etməyə çalışarkən tüstüdən zəhərlənərək ölüb.

Ölkənin şimal-şərqində Türkiyə ilə sərhədə yaxın ərazidə güclü küləklər Aleksandrupolis şəhəri yaxınlığında meşələr və əkin sahələrini yenidən alovlandırıb.

Həftə sonu bir neçə ev dağılıb.

Hökumət sözçüsü Pavlos Marinakis bildirib ki, 13 kənd təxliyə edilib, 200-dən çox yanğınsöndürən, 16 suburaxan təyyarə və 7 helikopter, könüllülər və silahlı qüvvələr yanğınla mübarizə aparır.

Kipr Aleksandrupolis yanğınını söndürməyə kömək etmək üçün dörd ekipaj və beş yerüstü dəstək işçisi də daxil olmaqla, iki yanğınsöndürmə təyyarəsi göndərib.

Ölkənin bir sıra bölgələrində güclü külək əsdiyinə görə, səlahiyyətlilər Yunanıstan paytaxtı da daxil olmaqla, bir sıra bölgələrdə yanğın riski səviyyəsini “hədsiz” olaraq təyin edib.

Hər yay Yunanıstanda dağıdıcı meşə yanğınları baş verir və rəsmilərin dediyinə görə, iqlim dəyişikliyi onları daha da gücləndirib.

Yunanıstanda qeydə alınmış ən ölümcül meşə yanğını 2018-ci ildə Afina yaxınlığındakı dənizkənarı kurortda 104 nəfərin həyatına son qoyub. O vaxtdan bəri səlahiyyətlilər yaşayış məntəqələri təhlükə altında olduqda, sürətli kütləvi evakuasiya əmrləri verərək ehtiyatlılıq səhvlərinə yol verir.

Keçən ay Rodos kurort adasındakı meşə yanğını 20 minə yaxın turisti təxliyə etməyə məcbur edib. Bir neçə gün sonra iki hava qüvvələri pilotu Evia adasında yanğını söndürmək üçün suya enən təyyarənin qəzaya uğraması nəticəsində həlak olub. Bu yay meşə yanğınları ilə bağlı daha üç ölüm hadisəsi qeydə alınıb.

Polisin keçən çərşənbə axşamı Tenerifedə qəsdən başladığını söylədiyi meşə yanğını İspaniyanın Kanar adalarında vəziyyət nəzarətdən çıxıb.

12 mindən çox insan evlərindən təxliyə edilib və təxminən 13 min hektar şam meşəsi və kolluqlar yanıb.

Baş nazir vəzifəsini icra edən Pedro Sançes fəsadların araşdırılması məqsədi ilə bazar ertəsi əraziyə səfər etməli idi. Kanar adasının regional prezidenti Fernando Clavijo İspaniyanın Cadena SER radiosuna "ən ağırı keçdi" deyərək əlavə edib ki, yerləşdirilmiş yüzlərlə yanğınsöndürən ardıcıl ikinci gecə müəyyən irəliləyiş əldə edib.

Yay aylarında tez-tez meşə yanğınları ilə üzləşən Portuqaliya və İtaliyada bu həftə temperaturun yüksələcəyi proqnozlaşdırılıb. Bazar ertəsi İtaliya hakimiyyəti şimaldakı Bolzanodan İtaliyanın mərkəzi hissəsindəki Romaya qədər səkkiz şəhərdə temperaturun 38 dərəcə Selsiyə çatacağını proqnozlaşdıraraq istilik xəbərdarlığı yayıb.

Fırtına xəbərdarlığı Kalabriya, Bazilikata və Siciliyanın cənub bölgələrində qüvvədədir.

Portuqaliyanın bəzi cənub bölgələrində temperaturun 44 dərəcə Selsiyə çatacağı proqnozlaşdırılıb.