Feminist fəal Aygül Cəfərova Amerikanın Səsinə müsahibəsində məişət zəminində qadınlara qarşı cinayətlərin qarşısının alınmasında yaranan problemlərdən danışıb.
Amerikanın Səsi: Ötən ay Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi brifinqdə qeyd edilib ki, məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10 faiz artıb. Bu həqiqətən də belədir? Vəziyyəti necə dəyərləndirərdiniz?
Aygül Cəfərova: Deməli Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ancaq onların özlərinə gələn məlumatların statistikasını açıqlamış olur. Amma bildiyimiz kimi məişət zorakılığı ilə bağlı ancaq komitəyə yox, digər qurumlara da müraciətlər olunur. Bu bildirdiyimiz rəqəm sadəcəyə komitəyə daxil olan şikayətlərlə bağlıdır. Həmin bu açıqlamada diqqət çəkən məqam odur ki, burada daha çox məhkəmə qərarlarının icrası ilə bağlı olan şikayətlər əksini tapır. Bu da çox ehtimalla alimentlərin ödənməsi ilə bağlıdır. Çünki ölkəmizdə aliment fondu olmadığına görə qadınlar daha çox əziyyət çəkir. Amma, əgər ümimiyyətlə biz məişət zorakılığının statistikasından danışırıqsa, bunu təəssüf ki, birmənalı olaraq qeyd etmək mümkün deyil. Amma burada hansısa əlaqələndirilmiş bir system, data bazası yoxdur ki, harada ki, müraciətlər sistemləşdirilsin. Biz məişət zorakılığı ilə bağlı məlumatları ancaq mediadan görə bilirik.
Amerikanın Səsi: Komitə rəsmiləri, həmçinin deyir ki, Azərbaycanda yeni sığınacaqların yaradılması üzrə işlər gedir. Yəni sığınacaqların sayı artırılır. Sizcə bu sığınacaqlar məişət zorakılğının azalmasına hər hansı töhfə verirmi?
Aygül Cəfərova: Sığınacaqlar məsələsi həqiqətən də çox acınacaqlıdır. Beynəlxalq standartlara görə, hər 10 min şəxsə 1 sığınacaq yeri təmin olunmalıdır. Amma Azərbaycanda 10 milyondan artıq əhalinin olmasına baxmayaraq, ölkə boyu sadəcə üç sığınacaq mövcuddur. Əlbəttə, əgər sığınacaqların sayı artsa, beynəlxalq normalara cavab versə, eyni zamanda həmin o sığınacaqlarda olan maddi-texniki baza olsa, orada ixtisaslı kadrlar çalışsa bu, məişət zorakılığının qarşısının alınmasına öz töhfəsini vermiş olacaq.
Amerikanın Səsi: Qurbanların müdafiəsi və reabilitasiyası üçün hansı gərəkli addımlar atılmalıdır?
Aygül Cəfərova: Müdafiə ilə bağlı da hazırda çoxlu problemlər mövcuddur. Burada ən böyük problem kimi mühafizə orderlərin verilməsi qarşımıza çıxır. Çünki mühafizə orderlərinin verilməsi üçün bir çox qadın müvafiq icra hakimiyyəti orqanlarına müraciət edir. Amma orada bu iş vaxtında araşdırılmır. Araşdırılanların özləri də ixtisaslaşmış şəxslər deyillər. Ona görə də məişət zorakılığına məruz qalanlar müdafiəsiz qalır. Reabilitasiyaya gəldikdə isə qeyd etdiyimiz kimi burada sığınacaqların mövcud olmaları, daha sonra qadınların sosial təminatı çox vacibdir. Bir çox hallarda məişət zorakılığına məruz qalan qadınlar sosial təminatlılıqdan, iqtisadi azadlıların olmamağından şikayətlənir. Reabilitasiya üçün həm psixoloji faktorlar, həm sosial faktorlar, bunlar da nəzərə alınmalıdır.
Amerikanın Səsi: Qadın hüquqlarının təmin edilməsi üçün, eyni zamanda məişət zorakılığının qarşısını almaq üçün cəmiyyət və dövlət strukturları nələr etməlidir?
Aygül Cəfərova: İlk növbədə cəmiyyət deyəndə biz baxmalıyıq ki, cəmiyyətin səlahiyyəti varmı, yoxsa yox? Çünki səlahiyyət nə qədərdisə məsuliyyət də o qədərdir. Ona görə də burada atılmalı olan kompleks addımlar sahəsində sadəcə olaraq dövlətin üzərinə çox böyük iş düşür. Bu ən başdan başlayaraq, məsəl üçün, diskriminasiyanı aradan qaldırmaq üçün dərslik vəsaitlərində də öz əksini tapmalıdır. Daha sonra qız uşaqlarının məktəbdən yayındırılmasının qarşısı alınmaldır. Çünki bilirsiniz, bütün bu məsələlər bir-birilə bağlıdır. Erkən nikah, məktəbdən yayınma və məişət zorakılığı. Məişət zorakılığına daha çox həssas qrupdan olan qadınlar qalır. Çünki bu, davamlı bir şey olduğuna görə onlar təhsilsiz olduğuna görə, bir çox hallarda sosial təminatları olmadığına görə, bu zorakılığa dözmək məcburiyyətində qalırlar. Ona görə də bu kompleks yanaşmada qızların məktəbə getməsindən başlayaraq məişət zorakılığı ilə bağlı qadınların müraciətlərinin normal, obyektiv araşdırılmasına qədər bir çox faktor var ki, öz əksini tapmalıdır.
Xatırlatma
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb".
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib. “Müraciətlərin 350-si məhkəmə qərarlarının icrası, 225-i məişət zorakılığı, 129-u işlə təmin olunma, 123-ü müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması, 91-i müayinə və müalicə olunmaqda köməklikdən ibarət idi”, komitə sədri bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda yeni sığınacaqlar yaradılması üzrə iş gedir.
“Hazırda ölkədə 5 fəal sığınacaq var. Əlbəttə ki, onun imkanları mövcud ehtiyaca uyğun deyil. Regional sığınacaqların olması vacibdir və yaxın zamanda fəaliyyətə başlaması gözlənilir”, Muradova bildirib.
Bundan əlavə o qeyd edib ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizə üçün mobil tətbiq yaradıla bilər.
Komitə sədri, həmçinin məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün ailə qurarkən psixoloji testin keçirilməsinin vacib olduğunu bildirib.
“Mütləq şəkildə ailə quracaq şəxslərin psixoloji testdən keçirilməsi vacibdir. Bu, ailə qurarkən veriləcək testlər siyahısına əlavə edilməlidir. Sonradan məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün bu addım atılmalıdır”, Dövlət Komitəsinin sədri vurğulayıb.