NYU YORK - Çərşənbə günü Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında brifinq keçirilib. Brifinqin müzakirə mövzusu Qarabağdakı humanitar durum olub.
Brifinqdə giriş nitqi ilə çıxış edən BMT-nin Əməliyyatlar və Advokatlıq şöbəsinin rəhbəri Edem Uosornu bölgədəki durumla bağlı qənaətlərini paylaşıb.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin Laçın yolunda insanların və əmtəənin hərəkəti ilə bağlı mövcud durumu müstəqil şəkildə yoxlamaq iqtidarında olmadığını vurğulayan Uosornu Qarabağda ərzaq və dərman qıtlığı, enerji təchizatının kəsilmələri ilə bağlı daxil olan məlumatlardan xəbərdar olduğunu qeyd edib.
Beynəlxalq Qırmızı Xaç Təşkilatı ilə müntəzəm əlaqədə olduğunu deyən BMT nümayəndəsi həmin təşkilatın ötən həftələrdə Qarabağda yaşayan ermənilərə humanitar yardım çatdıra bilmədiyini diqqətə yetirib.
“Vacib olanı budur ki, keçid mövcud şəraitdə mümkün qədər cəld olsun. Odur ki, Beynəxalq Qırımızı Xaçın istənilən məqbul marşrutlar vasitəsilə humanitar yardım çatdıra bilməsinə icazə verilməsi olduqca mühümdür,” deyə Uosornu Azərbaycan və Ermənistan rəhbərliklərini bölgədəki humanitar ehtiyacların ödənilməsi üçün əllərindən gələni əsirgməməyə çağırıb.
BMT nümayəndəsinin çıxışının ardınca BMT Təhlükəsizlik Şurasının digər üzvləri, o cümlədən Qabon, Braziliyia, Yaponiya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və digər ölkələrin elçiləri çıxışlar ediblər.
Təmsilçilər regionda humanitar böhranın tezliklə aradan qaldırılmasına və buna nail olmaq üçün tərəflər arasında dialoqa çağırıblar.
Brifinqə sədarətlik edən ABŞ nümayəndəsi Linda Tomas-Qrinfild ölkəsinin Qarabağdakı humanitar situasiyadan narahat olduğunu və Laçın dəhlizinin bağlanmasından təlaş keçirdiyni qeyd edib.
"Biz Azərbaycan hökumətini dəhlizdə sərbəst hərəkəti bərpa etməyə çağırırq ki, ticari, humanitar və özəl maşınlar Dağlıq Qarabağ əhalisinə çata bilsinlər," o deyib. Eyni zamanda Tomas-Qrinfild humanitar təchizat üçün əlavə marşrutlardan istifadə olunması üzrə kompromis əldə edilməsinin mümkünlüyünü qeyd edib.
Brifinqə qatılan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan hökumətini Qarabağ ermənilərinin Ermənistana və dünyaya "həyat yolunu" kəsməkdə və bununla sülh perspektivlərini təhlükə altına almaqda ittiham edib.
Mirzoyan rəsmi Bakının Laçında sərhəd-buraxılış məntəqəsi qurduğunu, bundan az sonra Laçın-Xankəndi yolunu bağladığını və Ermənistandan Qarabağa yönəlik humanitar maşın karvanını əraziyə buraxmadığını bildirərək, bu addımların 2020-ci ilin noybarında əldə olunmuş üçtərəfli anlaşmaya zidd olduğunu vurğulayıb.
"Blokada üzündən Qarabağda heç bir iqtisadi fəaliyyət yoxdur. Minlərlə adam işsiz qalıb, çünki onlara maaş vermək mümkün deyil. Hətta pulu olan adamlar da heç nə ala bilmir, çünki piştaxtalar boşdur," deyə Mirzoyan Qarabağ ermənilərinin mövcud durumunu təsvir edib.
Ermənistan xarici işlər nazirliyi BMT Təhlükəsizlik Şurasının üzvlərini Azərbaycanı Qarabağda apardığı siyasətə görə qınamağa və ermənilərin humanitar durumunu yaxşılaşdırmaq üçün səyləri gücləndirməyə çağırıb.
Azərbaycanın BMT-dəki daimi elçisi Yaşar Əliyev Ermənistanın ittihamlarını rədd edərək blokada ilə bağlı deyilənləri "əsassız" adlandırıb.
"Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı mənim ölkəmin suverenliyi və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır," deyə Əliyev Ermənistanı 30 il ərzində öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq barədə BMT qətnamələrini və bəyanatlarını qulaqardına vurmaqda ittiham edib.
Yaşar Əliyev öz hökumətinin Qarabağa humanitar yardım çatıdırlması üçün Ağdam –Xankəndi yolundan istifadəni təklif etdiyini diqqətə çatıdararaq, ermənilərin bu marşrutdan istifadədən imtina etdiklərini bildirib. Onun sözlərinə görə, Ermənistan problemin həllində yox, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının qarşısını almaqda maraqlıdır.
Ermıənistan və Azərbaycan nümayəndələrinin çıxışlarının ardınca Türkiyə və Aropa İttifaqı elçiləri nitq söyləyiblər.
Avropa İttifaqının elçisi Silvio Qonzato Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın yaranmasının vacibliyini önə çəkib. Aİ-nin sərhəddə monitorinq missiyası apardığını və Avropa Şurası prezidenti Şarl Mişelin vasitəçilik səylərini qeyd edən Qonzato davam edən zorakılıq hallarının və humanitar böhranın sülh səylərinə əngəl törətdiyini qeyd edib. Dialoqa qayıtmağn əhəmiyyətini vurğulayan Qonzato Avropa İttifaqının tərəflər arasında vasitəçilik missiyasına saidq qaldığını bəyan edib.