ATƏT-in fəaliyyətdə olan sədri Laçın yolunun və digər marşrutların açılmasına çağırıb

Buyar Osmani (official photo)

“Laçın dəhlizindən azad keçid üçün çağırışımı bir daha təkrar edirəm. Digər marşrutlar paralel olaraq açılmalıdır.”

Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Bujar Osmani X (keçmiş Twitter) səhifəsində bildirib.

O, qeyd edib ki, humanitar aspektlər həmişə üstünlük təşkil etməlidir.

“Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT yardım etməyə hazırdır. Keçənhəftəki telefon danışıqlarımın davamı kimi mən şəxsi nümayəndəm Anjey Kasprşikdən xahiş etdim ki, Laçın rayonuna baş çəksin və mövcud vəziyyətlə bağlı mənə məlumat versin”, o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Bujar Osmani X( Twitter) paylaşımına cavab verib.

O qeyd edib ki, hər gün hər iki istiqamətdə Laçın sərhəd-keçid məntəqəsindən onlarla erməni əsilli Azərbaycan sakini keçir.

“Cənab nazir, hər bir ölkədə olduğu kimi Azərbaycanda da sərhəddən keçid yaxşı tənzimlənir və heç yerdə “sərbəst keçid” anlayışı yoxdur. Bölgəyə böyük həcmdə yüklərin tədarükünə gəlincə, Azərbaycan bu məqsədlər üçün Ağdam-Xankəndi yolunu ayırıb ki, əgər 10 gün əvvəl ermənilər tərəfindən razılaşmanın şərtləri pozulmasaydı, bundan istifadə edə bilərdilər” - deyə, Hacızadə qeyd edib.

Avqustun 11-də Ermənistan BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması ilə əlaqədar humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar” fövqəladə iclasının çağırılması xahişi ilə müraciət edib.

Ermənistanın bu müraciəti ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin “revanşizm siyasətinin qurbanına” çevrildiyini qeyd edib, Yerevanı BMT Təhlükəsizlik Şurasını "manipulyasiya kampaniyası üçün alətə çevirmək" cəhdində ittiham edib.

Avqustun 16-da BMT-nin Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti müzakirə ediləcək.

İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçin ilə görüşündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. İyunun 26-da sərhəd buraxılış məntəqəsi yenidən açılıb.

Azərbaycan iyulun 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə Laçın sərhəd buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb.

İyulun 14-də Azərbaycan erməni sakinlərin zəruri qaydalara riayət etməklə tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin yenidən mümkün olduğunu, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırıla biləcəyini bildirib.

Bundan sonra Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib.

Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.