İranda müxtəlif sektorların təqaüdçüləri avqustun 15-də ölkənin bir çox vilayət mərkəzində aksiya və yürüş keçiriblər. Təbriz və Ərdəbil kimi şəhərlərdə böyük aksiyalar təşkil olunub.
Sosial şəbəkələrdə yayılan xəbər və görüntülərə əsasən, aksiyalara qatılan çox sayda təqaüdçü İran prezidenti İbrahim Rəisi əleyhinə şüarlar səsləndirib.
Abbas Lisani Telegram kanalının paylaşdığı videolarda Ərdəbil mitinqinə qatılanların "Yalançı Rəsisi, istefa, istefa!" və "Yalançı Rəisi, vədlərinə nə oldu?" şüarlarını səsləndirdikləri eşidilir. Mitinqlərdə, həmçinin "həbs olunan müəllimlər sərbəst buraxılmalı" və "bahalıq və inflyasiya xalqın başının bəlası" kimi şüarlar səsləndirilib.
Avqustun 15-də təqaüdçü vətəndaşlar Təbriz və Ərdəbildən əlavə, Həmədan, Qəzvin və Sənəndəc kimi şəhərlərdə də mitinq təşkil ediblər. Mitinqlər pensiya fondu şöbələrinin önündə keçirilib.
İranda müxtəlif sektorlardan təqaüddə olan vətəndaşlar aylardır ki, ölkənin bir çox vilayətində piket və yürüşlər keçirməyə davam edirlər.
Hüquq-müdafiə və əmək qruplarının yaydığı məlumata görə, təqaüdçülər "maaşların bərabərləşdirilməsi" layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılması kimi tələblərini gündəmə gətirirlər.