İran parlamentinin 175 üzvü "Hicab və İffət" adlı qanun layihəsinin parlamentin ümumi iclasında oxunuşu əvəzinə xüsusi komissiyada araşdırılaraq təsdiq edilməsinə səs verib.
Məsud Pezeşkiyan "Didbaniran" saytına verdiyi son müsahibəsində deputatların bu qanun layihəsinə xüsusi komissiyada baxılmasına səs verdiyini tənqid edib. O, millət vəkillərinin bu qanun layihəsinin bir neçə nəfərlik xüsusi komissiyada yoxlanmasına səs verməsinin səbəbləri barədə deyib ki, "mən məqsədin nə olduğunu bilmirəm, özləri deyirlər ki, layihənin maddə sayı çoxdur, bunu tez həll etmək istəyirlər."
Təbriz millət vəkili parlament üzvlərinin "Hicab və İffət qanun layihəsinin çoxlu sayda maddələrinin olmasını, beləliklə yoxlama üçün çox zamana ehtiyac olduğu" bəhanəsi ilə ümumi iclasda bunu yoxlamaq istəmədiklərini bildirib.
SEE ALSO: İranlı parlamentar: "İffət və Hicab qanun layihəsinə ictimai dəstək yoxdur"Pezeşkiyan bu haqda öz fikrini də əlavə edib və deyib ki, parlament üzvləri seçkilərin yaxınlaşdığı üçün xalqa cavabdeh olmaqdan yayınmaq məqsədilə bu qanun layihəsinin nəzərdən keçirilməsini xüsusi komissiyaya buraxır.
"Parlament üzvləri bu il keçiriləcək parlament seçkilərində təkrar namizəd olmaq istədikləri üçün vəkili olduqları cəmiyyət qarşısında hesab vermək istəmirlər, ona görə də Hicab və İffət qanun layihəsinin komissiyada yoxlanmasına səs veriblər"-deyə millət vəkili izah edib.
İranda islahatçı cərəyana meylli olan bu millət vəkili bundan əvvəl də İran mediası ilə söhbətlərində dəfələrlə hökumətin hicab mövzusunda qadınlara qarşı məcburedici tədbirlərini tənqid etmişdi.
Onun fikrincə, hicab mövzusu davranış məsələsi olduğu üçün bunu qanunlarla yönləndirmək olmaz.
"Mən heç vaxt uşaqlarımı və nəvələrimi dediyim kimi geyinməyə məcbur edə bilməmişəm; cəmiyyətə demək istəyirik ki, biz istədiyimiz kimi geyinsinlər, bunun mümkün olduğunu düşünmürəm", o deyib.
Məsud Pezeşkiyan və Əhməd Əlirzabeygi xüsusi komissiyada bu qanun layihəsinə baxılmasının əleyhinə səs vermiş Təbrizin parlamentdəki nümayəndələridir.