İranın Xairici işlər naziri: Diplomatik nümayəndəliklərin təhlükəsizliyi İranın öhdəliyidir

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı təhlükəsizlik kamerasında qeydə alınan görüntü. Video sosial şəbəkələrdə yayılıb.

"Diplomatik nümayəndəliklərin və yerlərin təhlükəsizliyinə görə məsuliyyət ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik. Lakin müasir dünyada belə hadisələr heç də bir ölkənin səfirliyinin bağlanmasına səbəb ola bilməz".

Bu barədə İRNA agentliyi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın media nümayəndələri ilə görüşündə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan danışarkən bildirib.

Onun sözlərinə görə, İran ədliyyə sistemi hadisənin ölçülərini araşdırıb.

Nazir ümid edir ki, tezliklə bununla bağlı məhkəmə qərarını verəcək.

"Bizim məhkəmələr müstəqildir. Günahı olan hər hansı bir tərəf üçün ən ağır cəza verilməsi məhkəmə sisteminin vacib bildiyi hökmlərdən biridir. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin bərpasına maneə aradan qaldırıldıqdan sonra növbəti addımlar atılacaq", o qeyd edib.

Avqustun 8-də İran Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin üzvləri Azərbaycana işgüzar səfəri edib.

Baş prokuror Kamran Əliyev və İran Baş prokurorunun müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, görüşdə bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyib ki, münasibətlərdəki ziddiyyətlərin aradan qaldırılması üçün İran tərəfindən hər hansı ciddi addım atılmayıb.

"İran tərəfi Azərbaycana vəd verib ki, Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək və səfirliyə hücum edən şəxsi sərt cəzalandıracaq. Hələ ki, nə səfirliyə hücum edən şəxs cəzalandırılıb, nə də səfirliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi addım atılmayıb. Bundan əlavə, Azərbaycan tərəfi səfirliyə silahlı hücumu terror hadisəsi kimi, İran tərəfi isə məişət hadisəsi kimi dəyərləndirir. Digər tərəfdən, münasibətlər İran tərəfindən gərginləşdirilib. Ona görə də İran münasibətləri gərginləşdirən amilləri aradan qaldırmalıdır. Bu amillər aradan qaldırılandan sonra münasibətlər normallaşa bilər, diplomatik münasibətlər də əvvəlki məcrasına qayıda bilər", ekspert qeyd edib.

Xatırlatma

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr, 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon dasnışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.