Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqlarının hazırkı durumu, ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi sahəsindəki vəziyyətdən danışıb.
Amerikanın Səsi: Bu ilin noyabr ayında BMT İnsan Hüquqları Şurasının 44-cü Universal Dövri İcmal (UDİ) müzakirələri çərçivəsində Azərbaycandakı vəziyyətə baxılacaq. Bu müzakirələrin əhəmiyyəti nədir?
Anar Məmmədli: Bu müzakirələr beş ildən bir keçirilir. Həmin beş il ərzində ölkələr BMT-nin İnsan Hüquqları Şurasında üzərinə götürdükləri öhdəliklərlə bağlı konkret insan hüquqlarının müxtəlif sahələri üzrə fəaliyyətlə məşğul olur və beş ilin sonunda hesabat verirlər. Bu prosesdə vətəndaş cəmiyyəti təşkilatları da iştirak edə bilir. Mütəmadi olaraq mənim təmsil etdiyim SMDT (Seçkilərin Monitorinqi və Seçkilərin Tədrisi Mərkəzi) prosesdə iştirak edir. Biz 2013-2018-ci illərdə BMT-nin İnsan Hüquqları Şurasına Universal Dövri İcmal ilə bağlı hesabatlarımızı, sənədlərimizi göndərmişik. Artıq 2023-cü ilin noyabrında olacaq müzakirələr zamanı təqdim ediləcək hesabatımız da BMT-nin İnsan Hüquqları Şurasına göndərilib. Əsasən siyasi azadlıqlarla bağlı vəziyyətə dair ölkədəki durumu, siyasi repressiyalar, sərbəst toplaşma azadlığı sahəsində məhdudiyyətlər, seçkilərlə bağlı ötən beş il ərzində görülməyən işlərə dair hesabatımızda təkliflərimizi, tövsiyələrimizi göndərdik. Yəni mənim düşüncəmə görə, Azərbaycan höküməti bu prosesə əvvəlki dövrlərlə müqayisədə daha acınacaqlı vəziyyətdə gedir. Çünki 2018-ci ildə üzərinə götürdüyü xeyli sayda öhdəliklər var ki, heç biri icra olunmayıb. Elementar sahələrdə, sosial-iqtisadi hüquqlarla bağlı, mülki hüquqların müdafiəsi ilə bağlı, ədalətli mühakimə hüququnun təmin olunması ilə bağlı, sərbəst toplaşma azadlığı, vətəndaş cəmiyyəti hüquqları ilə bağlı onların fəaliyyəti və bu sahədə görülən işlərlə bağlı demək olar ki, ortada daha da geriləmə var. Mən düşünürəm ki, bu sessiya üçün Azərbaycan hakimiyyətinin verəcəyi hesabat başdan-başa ötən illər ərzində görülməmiş işlərə həsr oluna bilər. Bu sahədə elə bir nailiyyət yoxdur.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Müzakirələr öncəsi Azərbaycan QHT-ləri ölkədə insan hüquqları sahəsində problemlərlə bağlı öz təkliflərini göndərib. Sizcə, bu təkliflər Azərbaycan üzrə tövsiyələrdə nəzərə alınacaqmı?
Anar Məmmədli: Bəzi dövlətlər yəqin ki, bu təklifi dəstəkləyəcəklər. O dövlətlər ki, Azərbaycanda insan hüquqları məsələsinə önəm verirlər və çox ciddi siyasi maraqları yoxdur. Yəni tutalım neft, qaz, geopolitik maraqları yoxdur. Çox rahat şəkildə bu məsələləri qoya bilirlər. Məsələn İrlandiya, Norveç, Danimarka, Hollandiya kimi ölkələr çox rahatlıqla bu məsələləri qaldıra bilirlər. Mən bunu əvvəlki BMT sessiyalarına əsaslanaraq deyirəm. Bu il də vətəndaş cəmiyyətinin bu tövsiyələri beynəlxalq təşkilatlar və o cümlədən, həmin şurada iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən dəstəklənə bilər. Amma məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti bu təkliflərə, tövsiyələrə nə dərəcədə diqqətli yanaşacaq? Bax problem buradadır ki, Azərbaycan hakimiyyətinə biz illərdir tövsiyələr veririk ki, sərbəst toplaşma azadlığı haqqında qanunu ATƏT-in və Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələri əsasında təkmilləşdir. Amma bu yetmirmiş kimi “Siyasi partiyalar haqqında” qanununu dəyişirlər. Dəyişərkən də həm ATƏT-in, həm də Avropa Şurasının ekspertlərinin rəyi əsas götürülmür. Bütün bu məsələlər tövsiyələrdə öz yerini alıb. Bəzi dövlətlər bunu səsləndirəcək. Amma top yenə Azərbaycan hökümətinin qapısındadır. O topu öz qapısına qəbul etmək istəyir, yoxsa topu çıxarmaq istəyir. Həqiqətən ölkədə gərçək islahatlar aparmaq istəyir? Siyasi iradə yoxdur. Bunun yeganə səbəbi ölkədə insan hüquqlarını böhranlı vəziyyətdən çıxarmaq üçün siyasi iradə çatışmazlığıdır. Azərbaycan höküməti özündə siyasi təpər, siyasi iradə tapa bilmir ki, insan hüquq və azadlığına dair normativ aktlar qəbul eləsin. Məhkəmələrin işinə müdaxilə etməsin. Siyasi repressiyaları dayandırsın. Vətəndaş cəmiyyətinə, siyasi partiyalara, mediaya normal şərait yaratsın. Bunun üçün siyasi iradə olmalıdır.
Amerikanın Səsi: ADR Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlunun həbsi yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının etirazları ilə qarşılanıb. İddia olunur ki, həbsin əsl səbəbləri siyasidir. Siz necə qiymətləndirirsiniz?
Anar Məmmədli: Qubad İbadoğlunun həbsi birmənalı şəkildə siyasi sifariş və siyasi motivdir. Qubad İbadoğlu cinayətkar ola bilməz. Çünki onun illər ərzində fəaliyyətində hansısa cinayətkar bir element aşkarlana bilməz. Yəni bu insan daim Azərbaycanda korrupsiya ilə bağlı, şəffaflıqla bağlı, idərəçilikdə təkmilləşmə ilə bağlı, ölkədə hüquq və azadlıqların müdafiəsi ilə bağlı çağırışları ilə yadda qalan insandır. O ona görə həbs olunub ki, siyasi iradə ortaya qoyub. Siyasi iddia ortaya qoyub. Azərbaycanda dinc yolla hakimiyyətin dəyişilməsi üçün bir hərəkat yaradıb və həmin hərəkatın lideridir. Niyyəti də Azərbaycana daha fərqli gələcək vəd etməkdir. Yəni ölkədə siyasi bir alternativ yaratmaqdır. Ölkədə 4-5 siyasi qrup var ki, müstəqil, müxalifyönlü fəaliyyət göstərirlər. Onlardan da biri Demokratiya və Rifah hərəkatıdır. Tamaşaçılar bu məsələdə yanlışlığa yol verirlər, bu siyasi partiya deyil, bu hərəkatdır. Vaxtilə “Siyasi partiyalar haqqında” qanun qəbul olunandan sonra Qubad İbadoğlu bildirdi ki, hərəkat kimi fəaliyyətlərini davam etdirəcəklər. Çünki siyasi partiya kimi qeydiyyatdan keçmək, mövcud olmaq mümkün deyil. Yəni bu hakimiyyət Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkata öz pisliyini eləmişdir. Öz təzyiqini göstərmişdir. Mən onun həbsində birmənalı şəkildə “siyasi çalar” görürəm. Onun əməlində heç bir cinayətdən söhbət gedə bilməz. O, Azərbaycanda fərqli siyasi mövqe nümayiş etdirdiyi üçün həbs olunan yüzlərlə siyasi məhbusdan biridir. Bu ölkədə siyasi repressiya dayanmayıb. Qubad İbadoğlu da növbəti siyasi repressiyanın qurbanıdır.
Amerikanın Səsi: Son zamanlar Azərbaycanda alternativ həmkarlar ittifaqları təşkilatları yaranmaqdadır. Buna misal kimi “Demokratiya 1918” Hərəkatının nəzdində yaradılmış Həmkarlar İttifaqları Konfederasiyasının İşçi Masasını göstərmək olar. Ölkədə vətəndaşların əmək hüquqlarını müdafiə edəcək müstəqil həmkarlar hərəkatı varmı?
Anar Məmmədli: Vətəndaşların peşə birlikləri, həmkarlar ittifaqları bütün inkişaf etmiş, gəlişməkdə olan ölkələr üçün səciyyəvi bir məsələdir. Əgər bir ölkədə istehsalat varsa, əmək münasibətləri varsa orada işçi və işə götürən münasibətləri də var. İşçilərin haqlarını, hüquqlarını müdafiə edən qrupların peşə birliklərinin olması labüddür. Bu müəllimlərə də aiddir, həkimlərə də aiddir. Bax, İşçi Masası da çox parlaq işlər gördü. Xüsusilə də son dövrlər haqları pozulan qruplardan biri kimi kuryerlərin haqlarının müdafiəsi yönündə çalışmalar elədi. Fəaliyyətdə oldular. Mən hesab edirəm ki, bu qrupa qarşı aparılan basqı o təzyiqlər birmənalı şəkildə birləşmək azadlığına qarşı təzyiqdir. Çünki hər bir vətəndaşın istədiyi niyyət naminə dinc məqsədlərlə birləşmək haqqı var. Həmkarlar ittifaqı da bu ittifaqlardan biridir. Onlara təzyiq etməklə birləşmək haqqından məhrum qoymuş olurlar. İkincisi, bu da yetmirmiş kimi həmin qrupun liderlərini həbslərə, təzyiqlərə məruz qoyurlar. Bütün bunlar Azərbaycanda əmək hüququnda, sosial-iqtisadi hüquqlar uğrunda təşkilatlanmaq istəyən insanları susdurmağa yönəlib.
Qeyd: Bunlar Anar Məmmədlinin fikirləridir. Rəsmi Bakı ölkədə davamlı islahatların aparıldığını bildirir. İnsanların əqidəsinə görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəhbərləri ölkədə siyasi məhbusların oldğunu qəbul etməsə də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərib.