Ərdəbildə siyasi fəallar və ailələrinə qarşı basqıların artdığı bildirilir

Hüquq müdafiəçiləri Ərdəbildə kəşfiyyat şöbəsi tərəfindən milli fəallar və ailələrinə qarşı basqı və təhdidlərin artdığını bildirirlər.

İran Azərbaycanında insan haqları pozuntuları ilə bağlı məlumat yayan "Abbas Lisani" Telegram kanalının bildirdiyinə görə, son günlərdə İran Kəşfiyat Nazirliyinin Ərdəbil şöbəsi tərəfindən onlarla türk fəalın ailəsinə telefon edilib.

Keçən həftələrdə Ərdəbil vilayəti kəşfiyyat baş idarəsinin məmurları çox sayda fəala telefon edərək onlardan "bəzi açıqlamalar üçün" kəşfiyyat idarəsinin informasiya qərargahına müraciət etmələrini istəmişdilər. Ancaq, məmurların telefon etdiyi fəalların çoxu yazılı çağırış olmadan şöbəyə müraciət etməyəcəklərini ifadə ediblər.

Fəalların şöbəyə müraciət etməkdən imtina etməsindən sonra təhlükəsizlik qüvvələri həmin fəalların ailələrinə telefon edərək övladlarının fəaliyyətləri ilə bağlı xəbərdarlıq ediblər.

Abbas Lisani Telegram kanalı bildirib ki, "kəşfiyyat baş idarəsinin məmurları bazar günü Tövhid Əmir Əmini, Yusuf Kari, Fərşid Piçqanlı və Mehrdad Şeyxi daxil olmaqla bəzi fəalların ailəsinə telefon edib və onları təhdid ediblər."

Kəşfiyyat şöbəsinə çağırılan fəalların əksəriyyəti göstərdikləri mədəni və siyasi fəaliyyətlərindən dolayı daha əvvəl də təqib, həbs və mühakiməyə məruz qalıblar.