Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) bu ilin sonuna qədər hazır olacaq.
Bu barədə Rusiya Energetika Nazirliyinin hər üç ölkənin energetika nazirlərimnin müavinlərinin Moskvada keçirilən görüşü barədə məlumatında deyilir.
“Tərəflər razılaşıblar ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın yekunlaşdırılması 2023-cü ilin sonunadək başa çatdırılmalıdır”, məlumatda qeyd edilir.
Qərar Rusiya energetika nazirinin müavini Pavel Snikkars, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, İranın energetika nazirinin müavini Homayun Xaeri, eləcə də üç ölkənin maraqlı enerji şirkətlərinin nümayəndələri arasında Moskvada keçirilən üçtərəfli danışıqlarında qəbul edilib.
Rusiya energetika nazirinin müavini Pavel Snikkars bildirib ki, bu günə kimi layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması davam etdirilir və bu istiqamətdə bir sıra mərhələlər razılaşdırılıb: “İştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji obyektlərinin tikintisinin məqsədəuyğunluğu da nəzərdən keçirilir”, o qeyd edib.
İRNA agentliyi isə İranın Moskvadakı səfirliyinin avqustun 11-də yaydığı məlumata istinad edərək bildirir ki, üç ölkənin energetika nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən görüşdə layihənin ən yaxşı şəkildə həyata keçirilməsi üçün ölkələrin əlaqələndirilməsi üzrə son texniki tədbirlər müzakirə edilib və yekun rəy mübadiləsi aparılıb.
Bundan əvvəl Rusiyanın MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Novikov Rusiya, İran, Ermənistanın energetika nazirləri və Gürcüstanın energetika nazirinin müavini 2016-cı ildə dörd ölkənin elektrik şəbəkəsinin bir-birinə qoşulması üçün anlaşma memorandumu imzaladıqlarını bildirərək, bu memorandumun həyata keçirilməsini regionun təhlükəsizliyinin gücləndirilməsi və transregional müdaxilələr qarşısında ölkələrnin daha çox yaxınlaşması baxımından səmərəli hesab edib.
“Bu enerji körpüsü vasitəsilə İran öz şimal bölgələrinin ehtiyac duyduğu elektrik enerjisini davamlı şəkildə təmin edə və ilin digər vaxtlarında alınan enerjini mübadilə edə bilər.
Qeyd olunan enerji körpüsü reallaşarsa, İran və Rusiyanın bölgə ölkələrinin imkanlarından istifadə edərək regional problemlərin həllində rollarını gücləndirməsinə səbəb olacaq. Həm də bu, Rusiya ilə Gürcüstan arasındakı münasibətlərdə mövcud problemlərin azaldılmasında təsirli olacaq”, Novikov qeyd edib.