Prezident müavini: Urmiyə gölünün vəziyyəti yaxşı deyil, payız yağışı ilə bunun dəyişməsini ümid edirik

Urmiyə gölü

İran prezidentinin müavini və ətraf mühit mühafizəsi təşkilatının başqanı Əli Səlaciqə Urmiyə gölünün vəziyyəti ilə bağlı bir iclasa qatılmaq üçün Urmiyəyə səfər edib.

Yarı-rəsmi İLNA agentliyinin xəbərinə görə, Səlaciqə qurumaqda olan gölün vəziyyətinin payız yağışları ilə dəyişəcəyini ümid etdiyini açıqlayıb.

Payiz mövsümünün yaxınlaşdığına diqqət çəkən Səlaciqə deyib ki, "payızda yaxşı yağıntı ilə Urmiyə gölünün vəziyyətinin dəyişəcəyini ümid edirik. Əlbəttə ki, yağış suyunun idarə olunması da Urmiyə gölü su hövzəsinin prioritetlərindən biridir."

Prezident İbrahim Rəisinin müavini həmçinin Urmiyə gölündə yaşanan ekoloji fəlakəti işıqlandıran medianı sərt dill tənqid edib.

Rəsmi dövlət İRNA-ya istinadən, Əli Səlaciqə deyib ki, "düşmən media bu ekoloji hadisəni xəbərləşdirərməklə höküməti təqsirkar göstərmək yönündə fəaliyyət edirlər. Halbuki, bu quruluq təqribən 25 il öncə başlamış və insanın təbiətə müdaxiləsi bu quruluq prosesinin amillərindən biridir."

SEE ALSO: Musa Aşüftə: Urmiyə gölü məsələsinin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidir

Prezident müavini büdcə baxımından dövlət məsullarının Urmiyə gölünü qorumağa xüsusi önəm verdiyini, bölgə əhalisi və kəndlilərin isə məsələyə laqeyd yanaşdıqlarını irəli sürüb.

Əli Səlaciqə ekoloji fəlakətin səbəbləri ilə əlaqədar məlumat yayan medianı günahlandırsa da, ondan əvvəl ətraf mühit məsələləri üzrə prezident müavini olmuş İsa Kəlantəri və İsmail Kahrom, eləcə də çox sayda yerli siyasətçi və ekspert ekoloji fəlakətin səbəbləri olaraq dövlətin səhv idarəetmə siyasətləri və yetərli büdcənin ayrılmaması kimi amillərə diqqət çəkiblər.

SEE ALSO: Təbriz millət vəkili Urmiyə gölünün vəziyyəti ilə bağlı İbrahim Rəisi hökümətini tənqid edib

İbrahim Rəisi hökümətinin rəsmiləri də bir müddət əvvələ qədər Urmiyə gölünün vəziyyəti ilə əlaqədar əvvəlki hökümətlərin səhvlərinə diqqət çəkirdilər. Ancaq, son həftələrdə dövlətin Urmiyə gölü siyasətinə etiraz olaraq təşkil olunan kampaniyaların genişləməsi ilə birlikdə Qərbi Azərbaycan valisi daxil olmaqla bir çox rəsmi bölgə əhalisi və əkinçiləri günahlandırmağa başlayıblar.