Avqustun 11-də ictimai fəal, yazar Səməd Şıxının Abşeron Rayon Polis İdarəsinin Qobu qəsəbəsində yerləşən bölməsinə aparıldığı bildirilir. Bu barədə Amerikanın Səsinə fəal özü məlumat verib. Onun sözlərinə görə polis bölməsində ona Söyüdlü hadisələri ilə bağlı yazdığı paylaşımlarını silməyi tələb ediblər:
"Polis və Söyüdlü hadisələri ilə bağlı statuslarımı silmək istəyirdilər, mən də telefonumu dostuma vermişdim. Dedim ki, telefonum üstümdə deyil, dostuma demişəm telefonu gətirməsin. Dedilər, bunun axırını bilirsən, mən də dedim problem deyil".
Fəal bildirib ki, onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə hədələyiblər. Daha sonra atası bölməyə gəlib və onun telefonunu gətirib.
"Statuslarımı lağa qoyaraq silirdilər, sonra dostların mənim saxlanılmağımla bağlı yazdıqlarını göstərirdilər ki, "filankəs sənə azadlıq tələb edir, bəlkə buraxaq səni?". Konkret maddələr sayaraq məni hədələyirdilər. Statuslarımı siləndən sonra isə dedilər ki, bundan sonra nəsə yazsan sutkalıqdan da yuxarı gedəcəksən, yazdıqlarının hamısını saxlamışıq".
Səməd Şıxı paylaşımlarını sildikdən sonra sərbəst buraxıldığını deyir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, fəalın saxlanılması ilə bağlı məsələ araşdırılır.
Söyüdlü hadisələri
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb. 10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var. İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib. Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər. Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib. Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər. Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır. Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər. Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb. Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər. Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.
Həbslər
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.
"Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.
Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndinədəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədirlər.
Vəkil Aqil Layıcın sözlərinə görə, Nazim Bəydəmirli özünü "ekologiya məhbusu" hesab edir .
Aqil Layıc deyir ki, Nazim Bəydəmirli həbsinin yeganə səbəbi Söyüdlüdə baş verən hadisələrlə bağlıdır və ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır.
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov iyunun 21-də İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələri 20 sutka inzibati həbs qərarı çıxarılmışdı. Qərar Sumqayıt Şəhər Məhkəməsində verilmiş, sonradan Sumqayıt Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlamışdı.
İttihama görə, Elmir Abbasov küçədə söyüş söyüb, polislər onu intizama dəvət etsə də, əhəmiyyət verməyib, əksinə, müqavimət göstərib.
Elmir Abbasov isə özünü bu ittihamlar üzrə təqsirli bilmirdi. Onun sözlərinə görə, söyüş söyməsi, müqavimət göstərməsi haqda iddialar yalandır. İctimai fəal bildirib ki, iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlərin etirazları zamanı polis zorakılığıyla əlaqədar Facebook hesabında yazdığı statusa görə cəzalandırılıb.
Fəal iyunun 21-də saxlansa da, ertəsi gün məhkəmə qarşısına çıxarılıb. O, məhkəməyə gətiriləndə fəallar onun üzərində xəsarət izlərinin olduğunu deyib. İctimai fəal polislər tərəfindən pis rəftara məruz qaldığını bildirib. Vəkili də ona qarşı zorakılıqdan şikayət verib.
Elmir Abbasovun həbsinə Facebook səhifəsindəki paylaşımıyla etiraz edən başqa bir ictimai fəal Qiyas İbrahimov da bundan dərhal sonra həbs olunub. Öncə iyunun 22-də ona İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka inzibati həbs cəzası verilib. Onun işində də iddia olunub ki, Qiyas İbrahimov küçədə telefonla danışanda söyüş söyüb, polislər onu intizama dəvət edib, o isə tabe olmayıb. İki gün sonra isə onun haqqında həbs olunduğu gün Facebook səhifəsində yazdığı statusla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet resursuna qadağan olunmuş məlumatların yerləşdirilməsi) maddəsilə inzibati xəta protokolu tərtib edilib. Bu maddə ilə məhkəmə ona daha 30 sutka cəza kəsib. İki cəza birləşdirildikdə isə ümumi müddət 32 gün həbs olub.
İkinci həbs qərarında "yayılması qadağan olunan informasiya" kimi, İbrahimovun Facebook hesabında yazdığı status göstərilib.
İctimai fəalın anası Şura Əmiraslanova bildirib ki, Söyüdlü hadisələri ilə bağlı polisin davranışını tənqid edən status yazılandan sonra evlərinə polislər gəlib, Qiyas İbrahimovdan paylaşımını silməyi tələb ediblər. Lakin oğlu statusu silməkdən imtina edib. Bundan sonra Qiyas İbrahimovu polis bölməsinə, oradan da məhkəməyə aparılıb və barəsində inzibati həbs cəzası çıxarılıb.
Gədəbəyin Söyüdlü kəndindəki hadisələri işıqlandıran jurnalist Elməddin Şamilzadə iyunun 23-də polis tərəfindən zorakılığa məruz qaldığını bildirir. O deyir ki, polis bölməsində ondan polislərlə bağlı materiallarının silinməsi tələb olunub.
İyulun 15-də Türkiyənin Orta Doğu Texnik Universitetinin tələbəsi Məhərrəm Əkbərovun Xırdalanda, yaşadığı evin yaxınlığında saxlanıldığı bildirilir.
"Demokratiya 1918" Hərəkatının üzvü Afiəddin Məmmədov bildirib ki, Məhərrəm Əkbərov Türkiyədəki Sosialist Əməkçilər Partiyasının tərkibindəki "İnqilabın Səsi" platformasının üzvüdür:
"Platforma Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə bağlı müxtəlif paylaşımlar edib. Fəalın Bakı Şəhər Baş Polis İdarəsinin mülki əməliyyatçıları tərəfindən aparıldığı bildirilir, amma ailəsinə heç bir məlumat verilmir. Onun hansı səbəbdən saxlanıldığı haqda məlumat yoxdur".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin müvəqqəti rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Məhərrəm Əkbərova 30 sutka inzibati həbs cəzası verilib. Hacıyev fəalın hansı maddə ilə ittiham olunduğu barədə məlumatının olmadığını qeyd edib.
Elektron Məhkəmə Sistemində Məhərrəm Əkbərova Xətai Rayon Məhkəməsinin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 1 ay inzibati həbs cəzası verildiyi yazılıb.