Şərqi Azərbaycanda Səhənd Şəhər Şurasının beş üzvü korrupsiya maddəsi ilə həbs edilib

Şərqi Azərbaycan vilayətində Üskü şəhərinin Ümumi və İnqilab Məhkəməsinin prokuroru Hüseyn Vətənxah Səhənd Şəhər Şurasının daha bir üzvünün maliyyə korrupsiyası ittihamı ilə həbs edildiyini açıqlayıb. Beləliklə, toplam yeddi üzvü olan Səhənd Şəhər Şurasının həbs edilən üzvlərinin sayı beşə çatıb.

İran mediasının yaydığı məlumata görə, Hüseyn Vətənxah jurnalistlərlə söhbətində vurğulayıb ki, Səhənd şəhər şurası üzvlərinin maliyyə korrupsiyası ilə bağlı araşdırma məhkəmə sistemi tərəfindən davam etdirilir.

O, indiyədək korrupsiya və mənimsəmə ilə məşğul olan digər vasitəçilərin də həbs edildiyini açıqlasa da, həbs olunanların sayı və kimliyi barədə məlumat verməyib.

Üskü prokuroru, həmçinin zaman keçdikcə bu işlə bağlı əlavə məlumatlar veriləcəyini bildirib.

İranda şəhər şurası seçkiləri ilk dəfə 1999-cu il fevralın 26-da keçirilərək, reformist cəryanın qələbəsi ilə nəticələnmişdi. İranda şəhər şurası bələdiyyə başqanını seçmək və ona nəzarət etmək, həmçinin şəhər büdcələrini təsdiqləmək və layihələrin icrasına nəzarət etməkdən məsuldur.

Ölkədəki digər seçkilər kimi, şəhər şurasına namizədlərin də səlahiyyətləri təsdiqlənməlidir. Səlahiyyətləri təsdiqlənməsinə baxmayaraq, İranda korrupsiyaya görə şəhər şurası üzvlərinin həbs olunması xəbərləri zaman-zaman ölkə mediasında yayımlanır. Hakim rejimin müxtəlif orqanlarında maliyyə korrupsiyası ölkənin iqtisadi problemlərinin əsas səbəblərindən biridir.