Avqustun 7-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədlinin məlumatına görə, Elvin Mustafayev həbs olunduğu gündən etibarən aclıq aksiyasına başlayıb və hazırda səhhəti pisləşib:
"O hazırda təcridxanadadır və həkimə ehtiyacı var. Elvin Mustafayevin bütün həyati məsuliyyətini başda İlham Əliyev olmaqla bu yarıtmaz hakimiyyət daşıyır."
Elvin Mustafayevin də üzv olduğu "Son Ümid" Hərəkatının sədri Ramin Əliyev onun həbsini siyasi hesab edir və həbsini siyasi repressiyaların davamı adlandırıb:
"Elvinin dərhal sərbəst buraxılmasını tələb edirəm. Elvin Mustafayev spirtli içki belə içmir. Onun tək günahı motokuryer fəaliyyətinin məhdudlaşdırılmasına görə etiraz etməsidir."
Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.
Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib.
Əhməd Məmmədli bildirib ki, Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.
Elvin Mustafayevin ittiham olunduğu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Elvin Mustafayev 2023-cü ilin yanvarında da Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı. Fəal bu ittihamları qəbul etmirdi və həbsinin Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin buna sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırıldığını bildirmişdi.
Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun da aksiyadan sonra saxlanıldığı bildirilir.
Avqustun 2-də Yasamal Rayon Məhkəməsi onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.
Eyni gündə Xətai Rayon Məhkəməsi isə Afiəddin Məmmədovu İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə edib.