Ukrayna üzrə Ciddə sammiti yekunlaşdı, sülh danışıqlarının davamı planlaşdırılır

Səudiyyə Ərəbistanının yaydığı yekun bəyanata görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinə sülh yolu ilə son qoyulması üzrə Ciddə sammiti bazar günü yekunlaşıb və iştirakçılar sülhə dair müzakirələri davam etdirmək barədə razılığa gəlib.

İki günlük Ciddə sülh sammitində 42 ölkədən yüksək vəzifəli rəsmilər iştirak etsə də, Rusiyadan heç kim iştirak etməyib.

Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiya rəhbəri Andriy Yermak bazar günü Ciddədə keçirilən danışıqları "çox məhsuldar" adlandırıb. Moskva isə görüşü Qlobal Cənubu Kyivin arxasında uğursuz toparlamaq cəhdi kimi qiymətləndirib.

Yüksək səviyyəli danışıqlarda BRİKS qrupunun dünya iqtisadiyyatları, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan olan nümayəndələr iştirak edib.

France Press agentliyinin açıqladığı Braziliya nümayəndə heyətinin rəhbəri, xarici siyasət üzrə müşaviri Celso Amorimin bəyanatında deyilib ki, "hər hansı real danışıqlara Rusiya da olmaqla, bütün tərəflər daxil edilməlidir".

"Ukrayna ən böyük qurban olsa da, əgər biz həqiqətən sülh istəyiriksə, Moskvanı hansısa formada bu prosesə cəlb etməliyik," o bildirib.

Ağ Evin yüksək rütbəli rəsmisinin bildirdiyinə görə, Ciddədə Vaşinqtonun nümayəndə heyətinə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan rəhbərlik edib.

Qərb rəsmiləri və analitiklər Çinin danışıqlarda iştirakının təmin edilməsində Səudiyyə diplomatiyasının böyük rol oynadığını bildirib.

MBS kimi tanınan vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altında krallıq özünü vasitəçi kimi təqdim edib və dünya səhnəsində daha böyük rola can atan hər iki tərəflə əlaqələrini qoruyub.

"Ədalətli sülhün bərpası naminə dünyanın konsolidasiyası nə qədər çox olarsa, Moskvanın beynəlxalq hüquq normalarına zidd olan bomba və raketlərinə bir o qədər tez son qoyulacaq," Zelenski Ciddədən gecə etdiyi video-müraciətində deyib.

Rusiya keçən həftənin sonunda keçirilən danışıqlarda iştirak etməyib və payızda keçirilməsi planlaşdırılan sammitdə də bir iştirak etməyəcəyini bildirib.