Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak bazar günü Rusiyanın Ukraynada başladığı müharibənin sülh yolu ilə nizamlanmasına dair Səudiyyə Ərəbistanında aparılan danışıqların məhsuldar olduğunu bildirib.
Avqustun 5-də Ciddə şəhərində başıanan danışıqlarda ABŞ, Hindistan, Çin və Avropa ölkələri də daxil olmaqla 40-dan çox ölkə iştirak edib. Rusiya görüşdə iştirak etməyib.
Danışıqların heç bir yazılı yekun bəyanat olmadan bazar günü yekunlaşması gözlənilir.
Ukrayna və onun müttəfiqləri bildiriblər ki, danışıqlar Rusiyanın Ukraynanın işğal olunmuş bütün ərazilərini geri qaytarması və Rusiya qüvvələrinin bütünlüklə ölkədən çıxarılması da daxil olmaqla, Kyivin sülhün əsasını qoymaq istədiyi prinsiplərə geniş beynəlxalq dəstək qazanmaq cəhdindən ibarətdir.
Ukrayna prezidenti Volodimir Zelenski bu ilin sonunda bu prinsiplərə əsaslanan qlobal sammitin keçirilməsinə çağırıb.
Rusiyanın Ukraynaya təcavüzündən 18 ay sonra Kyivvə Moskva arasında birbaşa sülh danışıqlarının perspektivləri çətin görünür.
“Ədalətli və davamlı sülhün əldə edilməsi üçün lazım olan əsas prinsiplər haqqında çox məhsuldar məsləhətləşmələr apardıq”, Yermak Ciddədə sammitini qeyd edərək bildirib.
Qərb ölkələri Ukraynanı dəstəkləsə də, bəzi digər ölkələr Rusiyanın hərəkətlərini qəti şəkildə pisləməyiblər.
Kopenhagendə danışıqların əvvəlki raundunda iştirak etməyən və Qərbin Rusiyanın müdaxiləsini pisləmək çağırışlarını rədd edən Çinin iştirakı bəzi təhlilçilərin fikrincə, ölkənin mövqeyində əhəmiyyətli olmasa da, mümkün dəyişikliyə işarədir.
Qərb diplomatları həmçinin Səudiyyə Ərəbistanının konfransda iştirak etmək üçün ölkələrin daha geniş qrupunun toplanmasında rolunu qeyd edirlər.
Yermak Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda müxtəlif fikirlərin ifadə olunduğunu qeyd edərək, bunları “son dərəcə dürüst və açıq söhbət” adlandırıb.
Onun sözlərinə görə, indiki bütün ölkələr beynəlxalq hüququn prinsiplərinə sadiqliyini, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünün toxunulmazlığına hörmət etdiyini nümayiş etdirib.
“Müxtəlif fikirlər var idi, lakin orada iştirak edənlərin hamısı öz ölkələrinin BMT Nizamnaməsi, beynəlxalq hüquq və dövlətlərin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığına hörmət prinsiplərinə sadiqliyini təsdiq etdi”, Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Andriy Yermak qeyd edib.
Kreml bundan əvvəl Moskvanın danışıqların gedişini diqqətlə izləyəcəyini bildirib. Ər-Riyadın Moskvaya nəticələr barədə məlumat verəcəyi bildirilir.