Avqustun 5-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefon danışığı baş tutub.
ABŞ Dövlət Departamentinin açıqladığı bəyanatda dövlət katibi Blinkenin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının əhəmiyyətini vurğulamaq məqsədilə Türkiyə xarici işlər naziri Hakan Fidanla telefon danışığı apardığı bildirilir.
Bəyanatda ABŞ dövlət katibinin Türkiyəyə Qara Dəniz Taxıl Təşəbbüsündə liderliyinə görə təşəkkür etdiyi və Kremlin ərzaqdan müharibədə silah kimi qeyri-insani şəkildə istifadə etməsinin təcili həllinin vacibliyini qeyd etdiyi deyilir.
Blinkenin həmçinin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiya üçün Türkiyə Parlamentinə göndərilməsi öhdəliyinə görə Türkiyəyə təşəkkür etdiyi qeyd edilir.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı Cənubi Qafqazda baş verən proseslər və bu kontekstdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması, Qara dənizin təhlükəsizliyi və NATO-nun genişlənməsi müzakirə edilib.