Azərbaycan Ombudsmanı Bakıda Vaqif Xaçaturyanla görüşüb

Avqustun 3-də Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) bu il iyulun 29-da Azərbaycanın Laçın sərhəd keçid məntəqəsində saxlanılan milliyyətcə erməni olan Vaqif Xaçaturyanla görüşüb.

Azərbaycan Ombudsman Aparatının məlumatında deyilir ki, Ombudsman Vaqif Xaçaturyanı fərdi qaydada qəbul edib.

“Ombudsman və onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə zamanı qəbul edilmiş Vaqif Xaçaturyanın müraciəti dinlənilib. O, ilkin tutulma anından ona göstərilən humanist münasibətdən, keyfiyyətli tibbi xidmətdən razılığını bildirib və səhhətində müsbət dəyişikliklər olduğunu qeyd edib”, məlumatda qeyd edilir.

Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq üçün Ermənistana getmək istəyərkən Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, Vaqif Xaçaturyan “qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması” faktları üzrə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işi üzrə 2013-cü ildən beynəlxalq axtarışda olub.

“Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürmüş, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmışdır. Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurmuşdur”, Baş Pokurorluğun məlumatında deyilir.

Ermənistanın Ombudsmanı Anahit Manasyan bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə müalicə üçün Ermənistana aparılan 68 yaşlı vətəndaşın “azərbaycanlılar tərəfindən qaçırılması ilə bağlı” beynəlxalq tərəfdaşlar və müxtəlif strukturların nümayəndələri ilə müzakirələr aparıb.

“Vaqif Xaçatryanın axtarışı ilə bağlı heç bir beynəlxalq axtarış sistemində məlumat yoxdur və onun qaçırılması fundamental insan hüquqlarına qanunsuz müdaxilədir. İnsan hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli beynəlxalq strukturlara müvafiq məktublar göndərilib”, Ermənistanın News.am saytı ombudsmana istinadən yazıb.

Həmçinin Vaqif Xaçatryanın qızı Vera Xaçaturyan deyib ki, avqustun 2-nə kimi atası ilə heç bir əlaqəsi olmayıb.

“Yalnız iyulun 29-da axşam saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsindən bizə xəbər verdilər ki, atama Bakıdakı xəstəxanaların birində baş çəkiblər, hətta hansı xəstəxanada olduğunu da dəqiqləşdirməyiblər. Deyirlər ki, atamın vəziyyəti yaxşıdır, amma heç kimə inanmıram. Atamın fiziki, psixoloji vəziyyətini başa düşmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsindən atamla video bağlantı qurmasını tələb edirəm, mən artıq başa düşürəm. Deyirlər ki, nəsə şifahi çatdıra bilərsən, amma nə mənim, nə atamın, nə də ailəmizin digər üzvlərinin şifahi çatdıracaq bir şeyi yoxdur. İndi sadəcə atamı görmək, onun fiziki vəziyyətinin necə olduğunu anlamaq lazımdır. Ola bilər ki, o, komadadır və ona görə də video rabitəni təmin etmirlər, ya da fiziki olaraq artıq aramızda yoxdur. Bu, bir qızın yaşaya biləcəyi ən dözülməz ağrıdır. Mənim yerimdə hər kəs ola bilər,” Vera Xaçaturyan deyib.