Ərdəbildə aksiya keçirən təqaüdçülər hökümətdən hüquqlarını tələb edir

Ərdəbil - təqaüdçülərin mitinqi (Şəkil: İran İşçiləri Azad Birliyinin Telegram kanalı)

İran telekommunikasiya şirkətinin təqaüdçüləri bazar ertəsi günü Ərdəbil, Gilan, Tehran, Məşhəd, İsfahan və Kirmanşah kimi vilayətlərdə aksiya və yürüş keçirməyə davam ediblər.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyi və əmək qrupları bu barədə məlumat yayıblar.

İLNA-nın bildirdiyinə görə, təqaüdçülər hökümətin məşğulluq üzrə nimzamnaməni tam icra etməməsi, müavinətlərin ödənilməməsi və sığorta problemlərinə diqqət yetirilməməsinə etiraz edirlər.

İran İşçilərinin Azad Birliyi kimi mənbələrin yaydığı görüntülərə əsasən, Ərdəbil vilayətində telekommunikasiya şirkətinin təqaüdçüləri şirkətin Ərdəbil şəhərindəki baş ofisinin önündə toplaşaraq əllərində böyük bir plakat nümayiş etdiriblər.

Abbas Lisani adlı Telegram kanalının xəbərinə görə, Ərdəbildə mitinq keçirən təqaüdçülər hökümətdən pensiyaçılara öhdəliklərinin tam yerinə yetirilməsini tələb ediblər.

SEE ALSO: Ərdəbildə təqaüdçülər "hökümət xəyanət edir, məclis onu dəstəkləyir" şüarı səsləndirib

Hüquq-müdafiə və əmək qruplarının yaydığı məlumata görə, İranda təqaüdçülər "maaşların bərabərləşdirilməsi" layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılması kimi tələblərini gündəmə gətirirlər.