ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə şənbə günü telefon söhbətində Qarabağda humanitar vəziyyəti müzakirə edib.
“Dünən mən Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlığımızı bildirmək üçün Azərbaycan prezidenti Əliyevlə danışdım. Birləşmiş Ştatlar bütün tərəfləri davamlı sülh razılaşmasına nail olmaq üçün dialoqu davam etdirməyə təşviq edir”, Blinken iyulun 30-da Twitter səhifəsində qeyd edib.
ABŞ Dövlət Departamentinin açıqladığı məlumata əsasən, Blinken prezident Əliyevlə telefon danışığında Dağlıq Qarabağda humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.
“Dövlət katibi telefon danışığında Laçın dəhlizi ilə kommersiya, humanitar və şəxsi avtomobillərin azad keçidinin təmin edilməsinin təcili ehtiyac olduğunu, habelə humanitar yardımların Dağlıq Qarabağ sakinlərinə çatdırılması üçün alternativ marşrutlar üzrə güzəştə getməyin vacibliyini vurğulayıb”, Dövlət Departamentinin bəyanatında bildirilir.
Dövlət katibi Blinkenin bütün tərəflərin sülh danışıqlarında müsbət tempi saxlamasının vacibliyini vurğuladığı qeyd edilir.
ABŞ dövlət katibi iyun ayında Birləşmiş Ştatların Virciniya ştatında Arlinqtonda Corc Şultz adına Xarici İşlər Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının ikinci raunduna ev sahibliyi edib.
Blinkenin sözlərinə görə, danışıqlarda gələcək sazişin bəzi maddələri razılaşdırılıb, həmçinin “bəzi həll edilməmiş məsələlər üzrə mövqelərin dərindən başa düşülməsinə” nail olunub.