Reyçel Denber: Azərbaycan hakimiyyəti Qubad İbadoğlunu dərhal azad etməlidir

Your browser doesn’t support HTML5

Reyçel Denber: Azərbaycan hakimiyyəti Qubad İbadoğlunu dərhal azad etməlidir

Beynəlxalq ictimaiyyət Azərbaycan Demokratiya və Rifah partiyasının sədri, London İqtisad Məktəbinin professoru Qubad İbadoğlunun həbsi ilə bağlı narahatlıq ifadə edib. Human Rights Watch beynəlxalq insan hüquqlarının müdafiə təşkilatı açqladığı bəyanatda Qubad İbadoğlunun həbsini qınayıb və onun qondarma ittihamlar əsasında həbs edildiyini bildirib. Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə Qubad İbadoğlunun həbsi, ona qarşı irəli sürülmüş ittihamlar və Azərbaycanda insan haqları sahəsində durum haqda danışıb.

Amerikanın Səsi: Human Rights Watch öz bəyanatında tanınmış müxalifət lideri və alim Qubad İbadoğlunun həbsini pisləyib və Azərbaycan hakimiyyətini onu dərhal azad etməyə çağırıb. Məhkəmə Qubad İbadoğlu barədə mütəşəkkil dəstə tərəfindən saxta və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi və ya satılmasında iştirak ittihamı ilə 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Human Rights Watch ona qarşı irəli sürülən ittihamları saxta adlandırıb. Qubad İbadoğlunun işi və ona qarşı irəli sürülən ittihamlar barədə hansı məlumatınız var?

Reyçel Denber: Qubad İbadoğlu haqqında bildiyimiz odur ki, o, dediyiniz kimi, görkəmli alim, vətəndaş fəalı, siyasi fəaldır. Hesab edirik ki, onun işi siyasi motivli cinayət təqiblərindən biridir. Saxta pulların hazırlanması ilə bağlı ittihamlar sadəcə ciddi deyil. Bu, ilk dəfə deyil ki, Azərbaycan hakimiyyəti tənqidçiləri, siyasi fəalları və bu kimi şəxsləri saxta ittihamlarla ittiham edir. Biz bilirik ki, onlar əvvəllər də insanları narkotik və xuliqanlıq ittihamı ilə günahkar tanıyıb, ittiham edib və məhkum ediblər. İndi isə saxta pulların hazırlanması ilə bağlı ittihamlar var. Bu, sxemin bir hissəsidir. Tamamilə aydın şəkildə biz hesab edirik ki, Azərbaycan hakimiyyəti cənab İbadoğlunu dərhal azad etməli və [ona qarşı] bütün ittihamları götürməlidir və onu azad edənə qədər onun vəkili ilə əlaqə saxlamasını və ən əsası, şəkər və yüksək qan təzyiqinə nəzarət etmək üçün qəbul etməli olduğu dərmanlara çıxışını təmin etməlidirlər.

Amerikanın Səsi: Siz Qubad İbadoğlunun həbsinin Azərbaycanda hazırda insan haqları, demokratiya və vətəndaş hüquqları baxımından mövcud vəziyyətlə nə dərəcədə bağlı olduğunu düşünürsünüz?

Reyçel Denber: Bilirsinizmi, Azərbaycanda vətəndaş hüquqlarının boğulması və vətəndaş cəmiyyətinin sıxışdırılması cəhdlərinin uzun bir tarixi var. 2014-cü ildə vətəndaş cəmiyyətinə qarşı kütləvi basqılar oldu və daha sonra isə son zamanlarda bir qədər yumşalma müşahidə olundu. Bununla belə, mən hesab edirəm ki, cənab İbadoğlunun həbsi hakimiyyətin müxalif fikrə nə dərəcədə dözümlü olmasının real sərhədlərinin olduğunu göstərir. Düşünürəm ki, onun həbsi siyasi müxalifətə, vətəndaş fəallarına və başqalarına hakimiyyətin müxalif fikrə qarşı dözümlülüyünün hədləri barədə çox soyuqqanlı bir mesaj verir.

Amerikanın Səsi: Siz Azərbaycan rəsmilərindən hansı cavabı gözləyirsiniz?

Reyçel Denber: Biz Azərbaycan hökumətindən ən azından Qubad İbadoğlunun dərhal azad edilməsini gözləyirik. Baxın, onun barəsində həbs qətimkan tədbiri seçilib, ona qarşı iş heç “gülünc” testindən belə keçmir. Eləcə də onun həbs olunması üsulu, saxta avtomobil qəzası, təhlükəsizlik işçilərinin İbadoğlu və onun həyat yoldaşını həbs etməsi tamamilə biabırçılıqdır.
İkincisi, onun barəsində dörd aya yaxın həbs qətimkan tədbiri seçən məhkəmə bunu Cinayət Məcəlləsinin onun ittiham olunduğu maddə əsasında edib. Onlar onun məhkəməyə qədər istintaq təcridxanasında saxlanmalı olduğuna dair heç bir sübut, heç bir məlumat təqdim etməyiblər. Məhkəməyə qədər bu cür həbs qətimkan tədbiri ən son tədbir olaraq seçilməlidir. Bunun əvəzində isə Azərbaycanda uzun illər məhkəmələrin etdiyi kimi, məhkəmə sadəcə Cinayət Məcəlləsinin maddəsinə əsaslanaraq, xüsusi olaraq İbadoğlu ilə bağlı məlumatlara istinad etmədən onu istintaq təcridxanasına göndərib.

Amerikanın Səsi: Human Rights Watch təşkilatının uzun illərdir Azərbaycana getmək imkanı yoxdur və sizin ekspertləriniz orada çalışa bilmir. Sizin fikrinizcə, müşahidəçilər nə vaxt Azərbaycana qayıda biləcəklər və bunun mümkün olması üçün hansı tədbirlər görülməlidir?

Reyçel Denber: Doğrudur, artıq xeyli vaxt keçib. Human Rights Watch təşkilatı azı 2015-ci ildən bəri ölkə daxilində vətəndaş və siyasi hüquqlarla bağlı araşdırma aparmaq üçün Azərbaycana gedə bilmir. Hesab edirəm ki, Azərbaycan günü sabah Human Rights Watch təşkilatının ölkəyə gəlməsinə icazə verə bilər. Düşünürəm ki, bizə, əslində, mənə viza versələr və ya ölkəyə getməyimizə icazə versələr, bu, yalnız hökumətin xeyrinə olardı. Hökumətin ölkəyə giriş icazəsi verməsi hökumət tərəfindən xoş niyyətinin əlaməti olardı. Amma bu arada, hökumət beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərə və təəhhüdlərə əməl edərək, Qubad İbadoğlunu azad etməli, onu azadlığa buraxmalıdır.

Amerikanın Səsi: Siz uzun illərdir ki, Azərbaycanda insan huquqları ilə bağlı vəziyyəti izləyirsiniz. Ölkədə insan hüquqlarının hazırkı durumu və əsas tendensiyalar haqqında nə söyləyə bilərsiniz?

Reyçel Denber: Əvvəl dediyim kimi, Azərbaycanda ifadə azadlığı, birləşmək, toplaşmaq azadlığı kimi əsas, fundamental hüquqların məhdudlaşdırılmasının uzun tarixi var. Hələ də həbsdə olan bir sıra siyasi fəallar var. Hökumət qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı bütün problemləri həll etdiyini iddia etsə də, əslində problemlər qalmaqdadır. Həbsdə olan insanların ağır işgəncələrə məruz qalması ilə bağlı müəyyən addımlar atılıb, mən konkret olaraq Tərtər işini nəzərdə tuturam. Bəzi addımlar atılıb. Azərbaycanda işgəncə, həbsxanada işgəncəli rəftar hamıya məlumdur və hesab edirəm ki, kifayət qədər geniş yayılmış problemdir. Beləliklə, Azərbaycanda kifayət qədər insan haqları problemləri var ki, hökumət şəffaflığın təmin edilməsi, insan haqları problemlərini mövcud olduğu yerlərdə müəyyən edə və onların həlli istiqamətində fəaliyyət göstərə bilməsi üçün vətəndaş cəmiyyəti təşkilatları üçün əlverişli mühitin təmin edilməsində maraqlı olmalıdır.