Dr. Belinda Davis: "Qubad İbadoğlunun Amerikadakı yüzlərə həmkarı və dostu onun taleyindən narahatdır"

Dr. Belinda Davis, Rutgers University

Prezident Əliyevə mesajm bu olardı ki, Qubad İbadoğluna qarşı qondarma ittihamları aradan qaldırsın və onu dərhal azad etsin, deyə Rutgers Universitetinin professoru Dr. Belinda Davis Amerikanın Səsinə bildirib.

ABŞ-ın Nyu Cersi ştatında yerləşən universitetdə Qubad İbadoğlunun həmkarı olmuş Dr. Davis sabiq həmkarının həbs edilməsindən özünün və universitet heyəti əməkdaşlarının hiddətləndiyini deyib.

“O, həm alimlər, həm də demokratiya fəalları üçün örnəkdir,” deyə Dr. Davis altı ildir ki, İbadoğlunu tanıdığını və onun Rutgers Universitetində tədrisə böyük töhfələr verdiyini qeyd edib.

İbadoğlunun demokratik ideallarla akademik fəaliyyəti uzlaşdırdığını vurğulayan amerikalı professor azərbaycanlı alimin universitetin müəllim və tələbə heyətində dərin təəssürat buraxdığını bildirib.

“İstər akademiyada, istərsə də ondan kənarda Qubad İbadoğlu səmimiyyəti və təvazökarlığına görə hamı tərəfindən tanınan əziz bir dostdur,” Rutgers Unviersitetinin Tarix Departamentinin professoru bildirib.

O, əlavə edib ki, İbadoğlunun Amerikadakı yüzlərlə həmkarı və dostu onun qeyri-insani, antisanitar şəraitdə saxlanılmasından və tibbi yardımdan məhrum edilməsindən narahatdır.

İbadoğlunun üzləşdiyi siyasi təqibin onun sağlıq durumuna təsir göstərdiyini qeyd edən Dr. Davis həmkarının tibbi qayğı ilə təmin edilməsinə və azadlığa buraxılmasına çağırıb.

İyulun 27-də vəkil Zibeydə Sadıqova hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu ilə görüşüb. Vəkil Amerikanın Səsinə bildirib ki, iqtisadçıya evə zəng etməyə icazə verilmir:

"Hazırda ən böyük narahatlığı evlə əlaqə saxlaya bilməməsinə görədir. Halbuki, bir kamerada saxlanıldığı digər şəxslərə zəng etməyə icazə verilir. Yaşlı və xəstə anası var, onun səhhətindən çox narahatdır. Elə ölkəyə də anasına baş çəkmək üçün gəlmişdi".

Vəkilin sözlərinə görə, İbadoğlu 6 nəfərlik kamerada qalır, onu həbsxanada müayinə ediblər.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.