Qiyas İbrahimov inzibati həbs müddəti başa çatdığı üçün azadlığa buraxılıb

Qiyas İbrahimov

İctimai fəal Qiyas İbrahimov 32 sutka inzibati həbs müddəti başa çatdığı üçün iyulun 24-də azadlığa buraxılıb.

İctimai fəala Nizami Rayon Məhkəməsinin qərarı ilə iyunun 22-də İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka inzibati həbs cəzası verilib. Daha sonra iyunun 24-də İXM-in 388-1.1.1 (internet resursuna qadağan olunmuş məlumatların yerləşdirilməsi) maddəsilə daha 30 sutka inzibati həbs cəzası kəsilib. Beləliklə, ümumi cəza 32 sutkaya qalxıb.

İyunun 25-də Nizami Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

Fəal həbs olunduqdan sonra Söyüdlü kəndində polis zorakılığına, qanunsuz həbsinə və İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində üzləşdiyi qeyri-insani rəftara etiraz olaraq müddətsiz aclığa başladığını bəyan edib. İyunun 25-də Bakı Apellyasiya Məhkəməsində aclıq aksiyasından dolayı huşunu itirən İbrahimov aclığı dayandırıb.

Qiyas İbrahimov elə həmin gün 20 sutka inzibati həbs cəzası alan NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasovun həbsinə və Söyüdlü hadisələrinə etiraz olaraq Facebook səhifəsində yazdığı statusdan dərhal sonra saxlanılıb.

İctimai fəalın anası Şura Əmiraslanova bildirib ki, status yazılandan sonra evlərinə polislər gəlib, Qiyas İbrahimovdan paylaşımını silməyi tələb ediblər. Lakin oğlu statusu silməkdən imtina edib. Bundan sonra Qiyas İbrahimovu polis bölməsinə aparılıb.

Qiyas İbrahimov 2016-cı ildə digər fəal Bayram Məmmədovla birlikdə mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" yazandan sonra narkotik ittihamıyla həbs olunublar, onların hər birinə 10 il həbs cəzası kəsilib. Təxminən 3 il sonra onlar əfv sərəncamıyla azadlığa buraxıldılar.
"Amnesty İnternational" onları "vicdan məhbusu" elan edib.

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb. 10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var. İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib. Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər. Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib. Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər. Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır. Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər. Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb. Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər. Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.