İran parlamentinin üzvü əxlaq polisinin məcburi hicab qanunlarını tətbiq etmək üçün küçələrə yenidən qayıtmasını tənqid edərək, bunu yanlış siyasət adlandırıb.
Jamaran xəbər agentliyinin bazar günü verdiyi xəbərə görə, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cəlil Rəhimi Cahan-Abadi rəsmiləri “hökumət və ictimaiyyət arasında münasibətlərə mənfi təsir göstərə biləcək zərərli, əsassız və alçaldıcı davranışlardan çəkinməyə çağırıb”.
“Heç kim əxlaq polisinin məsuliyyətini öz üzərinə götürməyə razı deyil” o deyib. Onun bildirdiyinə görə, bu da “bu siyasətin qüsurlu mahiyyətini göstərir”.
İran polis rəisi keçən həftə əxlaq polisinin “yaxşı niyyətli” və “geri dönüşü olmayan” bir missiyası olduğunu deyib.
Əxlaq polisi bir həftə əvvəl yenidən küçələrə qayıdıb.
Keçən il 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsi ilə başlayan ölkə boyu hökumət əleyhinə etirazlardan sonra onların mövcudluğu demək olar yox səviyyəsində idi. Əmini baş örtüyünü düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən saxlanılmışdı.
Küçə etirazları səngisə də Əmininin ölümündən sonra İranda bir çox qadın açıq şəkildə məcburi hicaba qarşı çıxır.
Əmininin ölümünün ildönümünün yaxınlaşdığı bir vaxt Dövlət Departamentinin sözçüsü Metyu Miller məsələ ilə bağlı narahatlığını dilə gətirib. O, keçən həftə keçirdiyi mətbuat konfransında Amerikanın Səsinin sualının cavabında bildirib ki, “məcburi hicab”ın bərpası “İslam Respublikasının son etirazlara əhəmiyyət vermədiyini” göstərir.
May ayında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İranı məcburi hicab qanunlarını kriminallaşdırmamağa çağıraraq, küçə etirazları səngidikcə qadınlara qarşı onların nə geyinib-geyinmədikləri ilə də əlaqədar basqılar daxil olmaqla, təzyiqlərin gücləndiyi barədə xəbərdarlıq edib.
“Qadınlar və qızlar, hakimiyyət orqanlarının ayrı-seçkilik yaradan məcburi hicab qanunlarını tətbiq etməsində getdikcə daha sərt hüquqi, sosial və iqtisadi tədbirlərlə üzləşirlər. Mən hökuməti iranlıların islahat çağırışlarına qulaq asmağa və məcburi geyim koduna əməl etməməyi cinayət hesab edən qaydaları ləğv etməyə çağırıram”, Volker Türk Cenevrədə jurnalistlərə açıqlamasında bildirib.
Aprel ayında İran məcburi hicab qanununu tətbiq etmək üçün yeni daxili nəzarət proqramına başlayıb.