Həbsdə olan inanclı fəalın oğlunun saxlanıldığı bildirilir

Müsəlman Birliyi Hərəkatının üzvü Mayıl Kərimov

İyulun 21-də Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü Mayıl Kərimovun 16 yaşlı oğlu İmaməli Kərimovun saxlanıldığı bildirilir. Bu barədə Amerikanın Səsinə anası Xuraman Kərimova məlumat verib.

Xuraman Kərimovanın sözlərinə görə, oğlu Maştağadakı məscidlərin birində əzadarlıq edərkən saxlanılıb:

"Məsciddə əzadarlıq edərkən oğluma bir neçə nəfər yaxınlaşıb, yaxınlaşan şəxs oğlumdan soruşub ki, "atanın yanına getmək istəyirsən?". Atası da şərlənərək həbs olunub, uşaq elə bilib atası ilə görüşə aparmaq istəyirlər, deyib, "hə, getmək istəyirəm". Bu zaman oğlumun belindən təpik vurublar, gətirib polis maşınına salıblar".

Anası bildirib ki, İmaməli Kərimovu Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə aparıblar, oğluna bölmədə də zorakılıq göstərilib.

"İmaməli deyir ki, onu təhqir ediblər, nalayıq sözlər deyiblər və heç bir səbəb olmadan döyüblər. İzahatını alandan sonra isə sərbəst buraxıblar", deyə Kərimova qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin müvəqqəti rəisi Elşad Hacıyev bildirib ki, iddialar həqiqəti əks etdirmir, şəxsi mülahizələrdən ibarətdir:

"Bununla bağlı dəqiq təfərrüatlar özlərinə də yaxşı məlumdur. Yetkinlik yaşına çatmayan şəxslər məscidə buraxılmadıqları üçün dini şüarlar səsləndiriblər, müəyyən olmayan yerdə ibadət etmələrinin əlaqədar şəxslər tərəfindən qarşısı alınıb. Polis əməkdaşları onlarla yalnız profilaktik söhbət aparıblar. Ancaq onlar polis bölməsinə aparılmayıblar. Bu barədə bir qrup hüquq müdafiəçisinin sorğularına da müvafiq cavablar verilib".

İnanclı şəxslərlə bağlı həbslər

Azərbaycanda dini inanclıların kütləvi həbsi yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başlamışdı. O zaman Daxili İşlər Nazirliyi 45-dən artıq "İran casusu"nun saxlandığını açıqlasa da, bu əməliyyatın detalları haqda ətraflı heç bir məlumat verilmədi. Saxlanılanların yaxınları, vəkillərinin sözlərindən məlum oldu ki, onlar narkotik ittihamıyla həbs edilib.

Bu il, fevralın 1-də Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşlarının xüsusi əməliyyat keçirdiyini bəyan edib. Məlumatda deyilirdi ki, xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Lakin saxlanılan şəxslərin kimliyi, həmçinin onların hansı maddələrlə ittiham olunması barədə ictimaiyyətə məlumat verilmədi.

Müsəlman Birliyi Hərəkatının üzvü Mayıl Kərimov da həmin ərəfədə, fevralın 2-də narkotik ittihamı ilə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Kərimov özünü təqsirli bilmir və həbsini siyasi hesab edir.

Martın 12-də Dövlət Təhlükəsizliyi Xidməti, DİN və Baş Prokurorluq tərəfindən inanclı şəxslərə qarşı ilk əməliyyat keçirildiyi haqda rəsmi açıqlama yayıldı. Həmin gün 32 nəfərin saxlanıldığı barədə ictimaiyyətə məlumat verildi. Onların casusluqdan narkotik vasitələrin dövriyyəsinə qədər müxtəlif maddələrlə ittiham olunduğu bildirilsə də, detallar indiyədək məlum deyil.

Martın 28-də Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın evinin qarşısında güllələndiyi bildirildi. Hadisədən bir gün əvvəl DTX xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və tapşırıq əsasında Azərbaycandakı dövlət xadimlərinin izlənməsi, iş saatı və xidməti avtomobilin dövlət qeydiyyat nişanı barədə məlumatların əldə edilməsi və onların güdülməsini həyata keçirən şəxslərin saxlandığını bildirmişdi.

Hadisədən sonra mediada Fazil Mustafanı güllələməkdə təqsirli bilinən 4 nəfərin saxlandığı bildirilib. Saxlanılanlar arasında yenə də narkotik ittihamı alan var. Aprelin əvvəlinə olan məlumata görə, Bakı və rayonlardan həbs olunan dini inanclıların sayı təxminən 400 nəfərə çatıb.

Müsəlman Birliyi Hərəkatının məlumatına görə, son 3 ayda təşkilatın 27 üzvü həbs olunub. Həbs edilənlərin hamısına da narkotik ittihamı verilib. Həbs olunanlar arasında keçmiş nardaran məhbusları da var.