Şərqi Azərbaycan vilayəti Əhər şəhərinin cəza məhkəməsi siyasi fəal Saleh Molla Abbasi ilə bağlı 91 günlük həbs cəzası çıxarıb.
Molla Abbasi öz Insragram səhifəsində bu barədə məlumat verib.
Siyasi fəalın bildirdiyinə görə, Əhər Cəza Məhkəməsinin 101-ci şöbəsinin hakimi Xədivi "ictimai rəydə təşviş yaratmaq məqsədilə yalan məlumat yaymaq" ittihamı ilə əlaqədar onu həbsə məhkum edib. O, iyulun 10-də hakim qarşısına çıxarılmışdı.
Molla Abbasi hökmün onun vəkili Əsgər Məhəmmədiyə göndərildiyini yazıb.
SEE ALSO: “Bu il Babək Qalası yürüşü ilə bağlı konsensus yaranmamışdı” [Audio-Müsahibə]Siyasi fəalın keçən aylarda İran Azərbaycanı daxil olmaqla ölkənin müxtəlif vilayətlərinin məktəblərində baş verən kütləvi zəhərlənmə halları ilə əlaqədar sosial şəbəkələrdə məlumat paylaşdığı üçün "yalan məlumat yaymaq" ittihamı ilə üzləşdiyi bildirilir.
Saleh Molla Abbasi keçmişdə də siyasi və mədəni fəaliyyətləri səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb. O, hazırda mülki zəmanət qarşılığında müvəqqəti azadlıqdadır.