Britaniya Müdafiə Nazirliyi bazar günü Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı gündəlik kəşfiyyat məlumatında bildirib ki, keçən ay Vaqner qrupunun qiyamından sonra Rusiyanın təhlükəsizlik aparatı “çaşqınlıq və danışıqlar dövrü” keçirib. Bununla belə, Twitter səhifəsində açıqlanan məlumata görə, hazırda muzdlulardan ibarət qrupun gələcəyi ilə bağlı müvəqqəti razılaşma formalaşdırılır.
Eyni zamanda, Vaqner qrupu ilə əlaqəli olan bəzi sosial media qrupları yenidən paylaşımlara başlayaraq, Vaqner qrupunun Afrikadakı fəaliyyətinə diqqət yönəldiblər. Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiya rəsmilərinin son açıqlamaları Rusiyanın “Vaqnerin qitədə geniş mövcudluğunu saxlamağa dair istəklərini” qəbul etməyə “ehtimal ki” hazır olduğunu göstərir.
Həm Ukrayna, həm Polşa şənbə günü Minskin muzdluların ölkənin hərbi qüvvələrinə təlim keçdiyini bildirməsindən bir gün sonra Vaqner qüvvələrinin Belarusa gəldiyini təsdiqləyib.
“Hazırda onların sayı bir neçə yüz ola bilər”, Polşanın xüsusi xidmət orqanlarının koordinasiyası üzrə nazir müavini Stanislav Zaryn Twitter səhifəsində bildirib.
Ukrayna sərhəd xidmətinin sözçüsü Andrey Demçenko Telegram kanalında bildirib: “Vaqner Belarusdadır”. Onun sözlərinə görə, Belarusda Rusiyadan “ayrı-ayrı qrupların” yerdəyişməsi müşahidə olunur.
Rusiya prezidenti Vladimir Putin Vagner qrupunun Belarusda yerləşdirilməsinin qrupun iyun ayında həyata keçirdiyi qiyam cəhdinə son qoyan razılaşmanın bir hissəsi olduğunu bildirib.
Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin iyunun 24-də Rostov şəhərini tərk etdikdən sonra ictimaiyyət qarşısına çıxmayıb.