İsrailin xarici işlər naziri Bakıdakı İsrail səfirliyinə terror cəhdində İranı günahlandırıb

Prezident İlham Əliyev və İsrailin xarici işlər naziri Eli Kohen Arxiv foto. Mənbə: İsrailin xarici işlər nazirinin Twitter səhifəsi)

“Azərbaycanda İsrail səfirliyinə terror cəhdinin arxasında İran dayanır”.

Times of İsrael nəşri bu barədə İsrailin xarici işlər naziri Eli Kohenə istinadən məlumat yayıb.

İsrail xarici işlər naziri Serbiyaya rəsmi səfəri zamanı verdiyi açıqlamada Tehranın terror hücumuna cəhdinə görə məsuliyyət daşıdığını bildirib.

Eli Kohenin sözlərinə görə, Azərbaycanda ələ keçirilən terrorçu İrandan maliyyələşib və oradan təlimat alıb.

“İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə Azərbaycanda İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük”, Kohen qeyd edib.

O, beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün birləşməyə çağırıb.

İsrail xarici işlər nazirinin dedikləri ilə bağlı Azərbaycanın rəsmi qurumlarından şərh almaq hələ mümkün olmayıb.

İranın Bakıdakı səfirliyi də Amerikanın Səsinin sorğusuna cavab verməyib. Bununla yanaşı, İranın Bakıdakı səfirliyi bir qayda olaraq bildirir ki, “İranın rəsmi qurumları və şəxsləri Amerikanın Səsinə müsahibə vermirlər”.

Asim Mollazadə (Arxiv foto,. Mənbə: VOA)

Azərbaycan Milli Məclisinin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Amerikanın Səsinə bildirib ki, İsrail xarici işlər nazirinin terror aktının Tehranda planlaşdırılması ilə bağlı dediklərini istisna etmir.

“Bu istiqamətdə araşdırmalar davam etdirilməlidir. Bu, birinci cəhd deyil. Azərbaycan hər zaman beynəlxalq terror dəstələrinin hədəfində olub. Bu istiqamətdə Ermənistan, İran, hətta digər ölkələr də fəaliyyət göstərir. Azərbaycan beynəlxalq terrora qarşı mübarizə sahəsində İsraillə əməkdaşlıq edir. Bununla yanaşı, Azərbaycanın qardaşı, müttəfiqi olan Türkiyə də beynəlxalq terrorla mübarizədə və təhlükəsizlik sahəsində Azərbaycana dəstək verir”, o qeyd edib.

Your browser doesn’t support HTML5

Asim Mollazadə: Azərbaycan-İsrail əməkdaşlığı üçüncü qüvvələrə qarşı yönəlməyib

Mollazadə deyib ki, terrora cəhd edən şəxs həbs edilib, ifadələr verir.

“Onun ifadələri terroru dəstəkləyən qüvvələrin kim olduğu barədə dünyaya açıqlama verməyə imkan verəcək”.

Deputat terrorun qarşının alınmasında Azərbaycan hüquq-mühafizə orqanlarının uğurunu da qeyd edib.

“Azərbaycanda bir sıra terrorist dəstələr zərərsizləşdirilib. Bu, Azərbaycan hüquq mühafizə orqanlarının terrorla mübarizəyə çox ciddi diqqət göstərdiyni nümayş etdirir”, o qeyd edib.

Terrora cəhd edən şəxsin saxlanılmasının İran xarici işlər nazirinin Azərbaycanda rəsmi görüşlərindən sonraya təsadüf etməsi ilə bağlı sualın cavabında Mollazadə deyib ki, Azərbaycan dəfərlərlə İran rəsmilərinin dediyi sözlərin həqiqətə uyğun olmadığının şahidi olub.

Ərəstun Oruclu (Arxiv foto. Mənbə:VOA)

Keçmiş Miilli Təhlükəsizlik Nazirliyinin istefada olan zabiti, siyasi təhlilçi Ərəstun Oruclu Amerikanın Səsinə deyib ki, bir ölkənin vətəndaşının digər ölkəyə qarşı üçüncü ölkənin xüsusi xidmət orqanları və yaxud üçüncü ölkənin ərazisində yerləşən terrorçu təşkilatlar tərəfindən istifadə olunması adi praktikadır.

“Amma əsas məsələ real təhlükə hallarını araşdırıb üzə çıxarmaq və real şəxsləri, real cinayətin arxasında duranı, yaxud planlaşdırılan terror aktının arxasında duran qurumları, dövlətləri aşkarlayıb üzə çıxarmaq və onların qarşısına faktı qoymaqdır. Əsas məsələ budur. Mən ümid edirəm ki, bu məlumat hansısa bir daxili auditoriyaya hesablanmış, hansısa bir siyasi konyuktura yükü daşıyan məlumat deyil. Yəni mənim onu nə şübhə altına almağa əsasım yoxdur, nə də onu təsdiqləməyə əsasım yoxdur. Çünki söhbət bir nəfərin saxlanılmasından gedir. Amma orada söhbət qrup halında cinayət və terror aktının planlaşdırılmasından gedirdi. Terror aktı isə birmənalı şəkildə cəmiyyətdə və ölkədə xof yaratmaq, vahimə yaratmaq və ictimai-siyasi vəziyyətə təsir etmək məqsədi güdür. Terrorun hədəfi budur. Şübhəsiz biz bu şeylərə hazır olmalıyıq. Bu istiqamətdə dövlət və hakimiyyət orqanlarının fəaliyyəti gücləndirilməlidir. Amma eyni zamanda hansısa terror aktının və yaxud başqa məsələlərdən daxili siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Çox təəssüf ki, belə hadisələr olub. Məhz belə hadislərin olması səbəbindən də, bu məsələlərlə siyasi spekuliyasiya aparılmamalıdır. Təhlükə isə həmişə var. Heç bir ölkə, hətta terrora qarşı mübarizədə zəngin təcrübəsi olan ölkələr belə terror aktlarından sığırtalanmayıb,” Oruclu deyib.

DTX əməliyyat keçirir (Arxiv foto. Mənbə: DTX)

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin iyulun 10-da yaydığı məlumatda deyilir ki, Bakı şəhərində xarici ölkə səfirliklərindən birində terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşı saxlanılıb.

Məlumatda bildirilir ki, Əfqanıstan vətəndaşı Favzan Musa Xan (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

“Favzan Musa Xan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşmişdir”, məlumatda qeyd edilir.

Faktla bağlı Favzan Musa Xan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində Dövlət Təhlükəsizlyi Xidməti tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidməti Favzan Musa Xanın terror aktı planlaşdırılması ilə bağlı telefon danışıqlarının əks olunduğu video da yayıb. Müşahidəçilər videoda əks olunan hoteldə İsrail və Yaponiya səfirliklərinin yerləşdiyini güman edir.

Bununla yanaşı, Əfqanıstanın rəsmi orqanları, həmçinin Favzan Musa Xanın yaxınları və vəkili ittihamla bağlı hələ açıqlama verməyib.