İctimai fəal Lətif Məmmədov iyulun 12-də saat 7 radələrində sərbəst buraxılıb. Lətif Məmmədov bildirib ki, polis bölməsində onunla yazdığı şərhə görə profilaktik söhbət aparılıb.
İctimai fəalın iyulun 11-dən 12-ə keçən gecə evindən mülki geyimli şəxslər tərəfindən aparıldığı bildirilmişdi. Bu barədə Amerikanın Səsinə onun yaxınları məlumat verib.
Yaxınları Lətif Məmmədovun Prezident İlham Əliyevin 11 iyul tarixli müşavirəsində Söyüdlü kəndində etirazlara münasibətini sərgiləyən çıxışı haqda tənqidi şərh yazdığını deyirlər.
Fəalın anası Afa Məmmədova oğlunun Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində olduğunu və oğluna yemək apardığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin müvəqqəti rəisi Elşad Hacıyev fəalın saxlanılması ilə bağlı məlumat olacağı təqdirdə yayacaqlarını bildirib.
Bundan öncə sabiq deputat Nazim Bəydəmirli, Qiyas İbrahimov və Elmir Abbasovun da Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrlə bağlı həbs olunduqları deyilir.
Elmir Abbasov iyulun 11-də inzibati həbs müddəti bitdiyi üçün azadlığa buraxılıb.
Nazim Bəydəmirli iyulun 4-də saxlanılıb. Onun barəsində Nərimanov Rayon Məhkəməsi 4 aylıq həbs qətimkan tədbiri seçib. Keçmiş deputata Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Lakin hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, keçmiş deputat Nazim Bəydəmirlinin həbsi siyasi xarakterlidir:
"Əslində Nazim bəyin həbs ediləcəyi ilə bağlı bizdə narahatlıq var idi. Bir neçə gün öncə hakimiyyətin nəzarətində olan media qurumları Nazim Bəydəmirli barəsində şərləmə kampaniyasına start vermişdilər. Onu Gədəbəy rayonu Söyüdlü kəndində baş verənlərə bağlamaq istəyirdilər".
Qiyas İbrahimova Nizami Rayon Məhkəməsinin qərarı ilə iyunun 22-də İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka inzibati həbs cəzası verilib. Daha sonra iyunun 24-də İXM-in 388-1.1.1 (internet resursuna qadağan olunmuş məlumatların yerləşdirilməsi) maddəsilə daha 30 sutka inzibati həbs cəzası kəsilib. Beləliklə, ümumi cəza 32 sutkaya qalxıb.
İyunun 21-də axşam saatlarında NİDA Vətəndaş Hərəkatının fəalı Elmir Abbasov da saxlanılıb. O, iyunun 22-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası alıb. Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əmrinə tabe olmamaq) ilə ittiham olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Abbasovun ictimai asayişin pozulması ilə əlaqədar saxlanıldığını vurğulasa da, hərəkatın üzvləri onun Facebook sosial şəbəkəsində Gədəbəyin Söyüdlü kəndindəki etiraza göstərdiyi reaksiyaya görə polisi tənqid etdiyi üçün saxlanıldığını deyirlər.
Gədəbəyin Söyüdlü kəndindəki hadisələri işıqlandıran jurnalist Elməddin Şamilzadə iyunun 23-də polis tərəfindən zorakılığa məruz qaldığını bildirir. O deyir ki, polis bölməsində ondan polislərlə bağlı materiallarının silinməsi tələb olunub. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı reaksiya verməyib.
Prezident İlham Əliyev hadisələrdən 20 gün sonra Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazlara reaksiya verib.
Prezident iyulun 11-də cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyini günahlandırıb.
İlham Əliyev Gədəbəy rayonundakı hadisəni "tamamilə qəbuledilməz" adlandırıb:
"Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib".
Vətəndaşların bir hissəsinin polisə daş atmasını ədəbsizlik və qanunsuzluq adlandıran İlham Əliyev Azərbaycan polisinin dözümlülük göstərdiyini, özünü ləyaqətlə apardığını bildirib.
Nə baş verib?
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb. 10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var.
İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb. Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib. Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.
Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib. Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər. Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır. Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər. Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb. Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər. Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.