Avropa Parlamenti jurnalistləri və fəalları susdurmaq məqsədi daşıyan əsassız və sui-istifadə xarakterli məhkəmə iddialarına qarşı qanun layihəsini dəstəkləyib.
Parlamentin bu həftə baş tutan sessiyasında müzakirəyə çıxarılan qanun layihəsində ictimai iştiraka qarşı strateji məhkəmə iddialarından (SLAPP- Strategic Lawsuits Against Public Participation) qorunma mexanizmləri və qanunvericiliklə bağlı tövsiyələr əks olunur. Qanun layihəsi 2017-ci ildə qətlə yetirilən maltalı jurnalist, ölərkən ona qarşı 40-dan çox SLAPP işi olan Dafne Karuana Qalizianın xatirəsinə Dafne qanunu adlandırılır.
Parlamentin məsələ ilə bağlı məruzəçisi, almaniyalı deputat Tiemo Völken qanun layihəsinin Avropa İttifaqı sərhədləri daxilində jurnalistlərin qorunmasını təmin edəcəyini, zənginlərin və güc sahiblərinin məhkəmə sistemindən sui-istifadəsinin qarşısını alacağını deyib.
“Əsassız məhkəmə prosesləri tənqidi səsləri ictimai maraq doğuran məsələləri işıqlandırmaqdan çəkindirir. Jurnalistlər və fəallar demokratiyamızın təməl daşıdır və onlar heç bir qorxuya məruz qalmadan işləməyi bacarmalıdırlar. Bu direktivlə biz onların Avropa İttifaqı daxilində qorunmasını, qurbanların maliyyə və psixoloji dəstək almasını təmin etməyi hədəfləyirik. Məhkəmələrimiz varlıların və güclülərin oyun meydançası ola bilməz”, Völken vurğulayıb.
İttifaqa üzv olan dövlətlər üçün icbari xarakter daşıyan qanun layihəsi strateji məhkəmə iddiaları qurbanları üçün təhlükəsizlik təminatları, o cümlədən qaldırılan iddianın mahiyyəti üzrə baxılmadan rədd edilməsini tələb etmək imkanını nəzərdə tutur. Bu halda iddiaçı tərəf öz iddiasının əssasız olmadığını sübut etməli olacaq. Bundan əlavə, iddiaçı cavabdeh tərəfin bütün məhkəmə və müdafiə xərclərini ödəməli olacaq. Məhkəmə qaldırılan iddianın əsassız olduğunu hesab edərsə, iddiaçı tərəf cərimələnə, SLAPP qurbanı isə mənəvi zərərə görə kompensasiya tələb edə bilər. Məhkəmənin iddiaçının tərəfini tutmasının qarşısını almaq üçün diffamasiya işlərinə yalnız cavabdeh tərəfin milli məhkəməsində baxılması nəzərdə tutulur. Üzv dövlətlər öz ərazilərində məskunlaşan fərdlər və ya şirkətlərə qarşı digər ölkələrdə qəbul edilən SLAPP qərarlarını tanımamalıdır.
Avropada SLAPP hallarına qarşı Koalisiya (Coalition Against SLAPPs in Europe - CASE) hesabatına əsasən son 10 ildə Avropada 570-dən çox belə işi qeydə alınıb. Koalisiyanın araşdırması göstərir ki, bu cür əsassız məhkəmə işləri ildən-ilə artmaqdadır. CASE qeyd edir ki, bu məhkəmə işlərinin, o cümlədən digər hüquqi prosedurların məqsədi qalib gəlmək deyil, cavabdeh tərəfi xərcə salmaq, vaxtını almaqla gördüyü ictimai işdən çəkindirməkdir.
Jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı əssasız və məhkəmə işlərinə qarşı mübarizə üçün Avropa Komissiyası ötən ilin aprelində sözügedən qanun layihəsini irəli sürüb. Təklif olunan qanun layihəsi hakimlərə jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı açıq-aşkar əsassız iddiaları tez bir zamanda rədd etməyə imkan verir. Sənəddə həmçinin dəymiş ziyanın ödənilməsi və sui-istifadə iddialarının başlanmasına görə çəkindirici cəzalar kimi bir sıra prosessual təminatlar və müdafiə vasitələri müəyyən edilir. Komissiya üzv dövlətləri müvafiq milli qanunvericiliyi Aİ qanunvericiliyinə uyğunlaşdırmağa təşviq etmək üçün əlavə tövsiyələr qəbul edib.
Avropa Komissiyasının dəyərlər və şəffaflıq üzrə vitse-prezidenti Vera Yourova Parlamentin qanun layihəsinə dəstəyini alqışlayıb. “Biz jurnalistləri və insan haqları müdafiəçilərini onları susdurmağa çalışanlara qarşı daha yaxşı müdafiə edəcəyimizə söz vermişdik. Yeni qanun bunu edir. Heç kim sərvət və güc ilə həqiqətə üstün gələ bilməz”, Yourova qeyd edib.
Azadlıq qəzetinin mühacirətdəki redaktoru Rahim Hacıyev Azərbaycanda müstəqil jurnalistlərə və media orqanlarına qarşı müxtəlif təzyiq formalarının, o cümlədən məhkəmə-hüquq sistemindən sui-istifadənin geniş yayıldığını deyir. Azadlıq qəzetinin məsul şəxslərinin və əməkdaşlarının həbs olunduğunu, jurnalistlərin hücuma məruz qaldığını, döyüldüyünü, qəzetin saytına blok qoyulduğunu xatırladan Rahim Hacıyev, bununla yanaşı qəzetə qarşı qaldırılan çoxsaylı məhkəmə işləri və böyük miqdarlı cərimələr nəticəsində qəzetin 2016-cı ildə çapını dayandırmağa məcbur olduğunu vurğulayıb.
“Azadlıq qəzetinə qarşı çoxlu sayda məhkəmə işləri olub. Bilavasitə hakimiyyətin tapşırığı ilə hakimiyyətin nəzarətində olan şəxslər qəzeti məhkəməyə verib. Səbəb Azadlıq qəzetinin onların qanunsuz əməlləri, korrupsiya faktlarına dair yazılar dərc etməsi olub. Müxtəlif illərdə məhkəmələr böyük ölçüdə cərimə qərarları çıxarıblar, qəzet böyük məbləğdə cərimələr ödəməyə məcbur edilib. Buna görə dəfələrlə qəzetin bank hesabı bağlanıb və biz çox ağır vəziyyətə düşmüşük. Azərbaycan hakimiyyəti ölkədə yeganə müstəqil qəzeti susdurmaq üçün bütün qanunsuz əməlləri atdı və nəhayət buna nail oldu”, Hacıyev deyib.
Son illərdə dünyada söz və mətbuat azadlığının vəziyyətinin pisləşdiyini qeyd edən Hacıyev bunun qarşısının alınması üçün ciddi addımların atılmalı olduğunu bildirir.
“Bir halda ki, avtoritar, repressiv rejimlər söz və mətbuat azadlığına qarşı mövqeyini sərtləşdiribsə, demokratik dünya da bu cür təşəbbüslərlə çıxış etməlidir. Bu təşəbbüslərin icra edilməsi, reallaşdırılması üçün söz və mətbuat azadlığının, jurnalistlərin qorunması üçün çox ciddi addımlar atılmalıdır. Mətbuat orqanlarının qorunması, söz və ifadə azadlığının sərhədlərinin genişləndirilməsi üçün daha ciddi səylərə ehtiyac var. Bu baxımdan bu təşəbbüs yaxşıdır və onun daha geniş miqyasda icrası olduqca vacibdir”, Hacıyev əlavə edib.