ABŞ maliyyə naziri: ABŞ və Çin qlobal istiləşmə ilə mübarizədə birgə işləməlidir

ABŞ maliyyə naziri Canet Yellen və Çinin baş naziri Li Qianq. Pekin, Çin. 7 iyul, 2023.

Dünyanın iki ən böyük iqtisadiyyatı – Birləşmiş Ştatlar və Çin - qlobal istiləşmənin “ekzistensial təhlükəsi” ilə mübarizə aparmaq üçün birgə işləməlidir. Bunu şənbə günü Pekində Çin hökumət rəsmiləri və iqlim ekspertləri ilə görüşdə ABŞ maliyyə naziri Canet Yellen deyib.

“Dünyada ən çox istixana qazları emissiya edən və bərpaolunan enerjiyə ən çox sərmayə qoyan iki ölkə olaraq, bizim yol göstərmək üçün həm birgə öhdəliyimiz həm də imkanımız var,” o deyib.

Yellen bildirib ki, “iqlim maliyyəsi effektiv və səmərəli” bir şəkildə iqlim dəyişikliyinə qlobal reaksiyada paradiqma dəyişikliyini dəstəkləməyə çalışan BMT qurumu olan Yaşıl İqlim Fondu kimi qurumları dəstəkləməyi hədəfləməlidir.

Yellen cümə günü Pekində Çinin baş naziri Li Qianqla “səmimi və konstruktiv” danışıqlar aparıb.

Maliyyə Departamentinin bəyanatında deyilir ki, “Yellen administrasiyanın Çinlə hər iki iqtisadiyyat, o cümlədən amerikalı işçilər və bizneslər üçün faydalı sağlam iqtisadi rəqabət aparmaq istəyir.”

O həmçinin “qlobal makroiqtisadi və maliyyə məsələləri, eləcə də qlobal problemlər, o cümlədən aşağı gəlirli və inkişaf etməkdə olan iqtisadiyyatların borc ödəmək çətinlikləri və iqlim maliyyəsi üzərində birgə işləməklə” bağlı yaxın kommunikasiyanın vacibliyini vurğualyıb.

Çinin xarico işlər nazirliyi açıqlama yayaraq bildirib ki, baş nazir ABŞ və Çinin iqtisadi maraqlarının bir-biri ilə sıx bağlı olduğunu və Çinin inkişafının Birləşmiş Ştatlar üçün çətinlik əvəzinə bir imkan olduğunu qeyd edib. Pekin bildirib ki, Yellen danışıqlar zamanı ABŞ-ın “ayrılmaq və əlaqəni kəsmək” istəmədiyini və Çinin modernləşmə prosesinə mane olmaq niyyətində olmadığını” deyib.

Xarici işlər nazirliyi bildirib ki, “Çin və Birləşmiş Ştatlar qlobal çətinliklərin öhdəsindən gəlmək və ortaq inkişafı təşviq etmək üçün koordinasiya və əməkdaşlığı gücləndirməlidir.”

Hər iki tərəf Yellenin səfərini müsbət xarakterizə etsə də, yüksək səviyyəli rəsmilər arasında başqa görüşlər elan edilməyib.