Cümə günü, iyulun 7-də Mustafa Əvəzpur, Rəhim Sasani, Məhəmməd Mərdi, Cəfər Nuri, Sədullah Sasani və Məhəmməd Əlipur adlı 6 güneyli milli fəalın Xudafərin şəhərində Araz çayı yaxınlığında təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, bu məhbuslar naməlum yerə köçürülüb və onların həbsinin səbəbi və onlara qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat yoxdur.
İran Azərbaycanında insan haqları ilə bağlı xəbərlər dərc edən "Abbas Lisani" adlı Telegram kanalı bu fəalların həbsinin səbəbi barədə yazıb ki, "İkinci Qarabağ müharibəsindən sonra İranın təhlükəsizlik qüvvələri Araz çayı sahillərində insanların toplaşmasına xüsusi həssaslıqla yanaşırlar. Həmin kanalın qeyd etdiyinə görə, həmin fəalların həbsinin Xudafərin körpüsü yaxınlığında toplaşmaqla əlaqəli olduğu güman edilir.
Bəzi qeyri-rəsmi məlumatlara görə, təhlükəsizlik qüvvələri və polis bu il Novruz bayramı günlərində insanların Xudafərin körpüsü yaxınlığında Araz çayı sahillərində əylənməyə maneə törədiblər. Bununla bağlı sosial mediada vətəndaşlar tərəfindən videolar yayımlanmışdı.
İkinci Qarabağ müharibəsindən sonra İran, Azərbaycan sərhədləri yaxınlığında Araz çayı boyunca bir neçə irimiqyaslı hərbi təlimlər keçirib və bu çayın sahillərində təhlükəsizlik baxımından həsaslıq artıb.
Adı keçən bu fəalların hamısı daha öncə də, dinc və sivil fəaliyyətlərinə görə həbs edilib və müxtəlif ittihamlarla mühakimə olunublar.