Təbriz yaxınlığındakı Səhənd şəhər şurasının iki üzvü həbs edilib, şuranın ofisi möhürlənib

İran agentlikləri Şərqi Azərbaycan vilayətində Səhənd şəhər şurasının iki üzvünün nəzarət altına alındığına dair məlumat yayıblar. Şuranın digər bir üzvünün isə təqribən 4 həftə əvvəl saxlanıldığı bildirilib.

Üskü şəhərinin ümumi və inqilab prokuroru Hüseyn Vətənxah bu barədə mətbuata məlumat verib.

"Səhənd bələdiyyəsi və şəhər şurasında baş verən qanun pozuntuları ilə bağlı təhqiqatın davamında şəhər şurasının daha iki üzvü həvs edilib", prokuror açıqlayıb.

Yarı-rəsmi Fars agentliyinə istinadən, şura üzvləri bələdiyyədə rüşvət və korrupsiya halları ilə əlaqədar həbs ediliblər. Rüşvət işinə qarışan başqa şəxslərin də nəzarət altına alındığı bildirilib.

Vətənxah rüşvət və korrupsiya işi ilə bağlı təhqiqatın tamamlanmasına qədər şəhər şurasının ofisinin möhürləndiyini bildirib.

İnzibati bölgü olaraq Şərqi Azərbaycan vilayətinin Üskü şəhristanına bağlı olan Səhənd şəhəri İranın planlı şəhərlərindən biridir.

Son illərdə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərinin bəzi şəhərləri daxil olmaqla, İranda bir çox bələdiyyədə həbslər baş verib.

SEE ALSO: Urmiyə şəhər şurasının 11 üzvündən beşinin fəaliyyəti dayandırılıb

İran bələdiyyələrində korrupsiya hallarına dair xəbərlər zaman-zaman mətbuatda yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir. İranın İnqilab Qvardiyasına (Sepah) bağlı şirkətlər, habelə birbaşa İranın ali ruhani lideri Seyyid Əli Xameneyinin nəzarətində olan qurumlar ilə əlaqədar korrupsiya xəbərləri davamlı şəkildə sosial şəbəkələr və xaricdə fəaliyyət göstərən mediada yayılır. Lakin İran daxilində fəaliyyət göstərən media qurumları bu növ xəbərləri əks etdirmir.