İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü işinə başlayıb.
Nazirlər görüşündə 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 beynəlxalq təşkilat iştirak edir.
Forumda çıxış edən Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub.
“Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq. Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq biz, həmçinin postpandemiya dövrü haqqında düşünməli olduq. Beləliklə, Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Biz burada qlobal əhəmiyyətə malik məsələləri müzakirə etdik və pandemiyadan sonrakı dövrdə daha yaxşı bərpa üzrə fikirlərimizi bölüşdük”, dövlət başçısı qeyd edib.
Əliyev deyib ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır.
“Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.
Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır”.
Azərbaycan Prezidenti hesab edir ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir.
“Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.
Əliyev deyib ki, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır.
“Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir”, o qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya BMT-nin Baş katibi Antonio Quterreşin tədbir iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə qeyd edilib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın üzləşdiyi çağırışların müzakirəsinə və həllinə töhfələr verib.
Monteneqronun Baş naziri Dritan Abazoviç çıxışında bildirib ki, Qoşulmama Hərəkatı böhranların həll yollarının tapılması, müzakirələr üçün platforma təklif edir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın Qoşulmama Hərəkatının sədri vəzifəsinin öhdəsindən uğurla gəldiyini vurğulayıb.
“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çox çətin bir zamanda, müharibələr və münaqişələr dövründə qəbul edib. Bu, çox çətin bir iş idi”, Hakan Fidan deyib.