İranda müxtəlif sektorların təqaüdçüləri iyul ayının 4-də Ərdəbil, Qəzvin, Kirmanşah, Sənəndəc və Məməsəni kimi şəhərlərdə aksiya və yürüş keçirməyə davam ediblər. Ərdəbil mitinqində İbrahim Rəisi höküməti və İran parlamentinə qarşı şüarlar səsləndirilib.
Sosial mediada yayılan videolarda Ərdəbil şəhərində keçirilən aksiyada "hökümət xəyanət edir, məclis onu dəstəkləyir" şüarının etirazçılar tərəfindən səsləndirildiyi eşidilib.
İran İşçiləri Azad Birliyinin xəbərinə görə, təqaüdçülər iyulun 4-də Ərdəbil və digər şəhərlərdə pensiya fondu şöbələrinin önündə toplaşıblar.
Birliyin Telegram kanalının yaydığı videogörüntülərə istinadən, aksiyaya qatılanlar "təqaüdçü ayrı-seçkilikdən yorulub" və "haqqımızı alana qədər geri durmayacağıq" şüarlarını səsləndiriblər.
Yayılan görüntülərdə etirazçıların əllərində eləcə də "maaşların bərabərləşdirilməsi qanundur, tətbiq edilməlidir", "ödənişlər ədalətli olmalıdır", "həbs olunan müəllimlər sərbəst buraxılmalıdır" və "vədlərdən yorulduq" yazıları olan plakatlar görünüb.
İranda müxtəlif sektorlardan təqaüddə olan vətəndaşlar aylardır ki, ölkənin bir çox vilayətində piket və yürüşlər keçirməyə davam edirlər.
Hüquq-müdafiə və əmək qruplarının yaydığı məlumata görə, təqaüdçülər "maaşların bərabərləşdirilməsi" layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılması kimi tələblərini gündəmə gətirirlər.