Xəzər dənizində 5.5 bal gücündə zəlzələ olub

Xəzərdə zələzələ olub (Mənbə: Seysmoloji Xidmət Mərkəzi)

İyulun 4-də Bakı vaxtı ilə saat 00.01-də Xəzər dənizində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.

Yeraltı təkanların episentri Xaçmaz rayonundan 46 kilometr şimal-şərqdə, ocağı isə 65 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata görə zəlzələ ilə əlaqədar dağıntı və tələfat barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, güclü təkanlar olub və cihazlar bunları qeydə alıb.

"Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox - 65 kilometr dərinlikdədir. Bunun heç bir qorxusu yoxdur," Yetirmişli qeyd edib.