Fransada iğtişaşların beşinci gecəsində 700-dən çox insan saxlanılıb

Fransanın Nanter şəhərində yeniyetmənin ölümündən sonra başlayan iğtişaşların beşinci gecəsində 719 nəfər saxlanılıb. Bu barədə BFM TV ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir. Həmin 700-dən çox insandan 194-ü Parisdə, 65-i Marseldə saxlanılıb.

Daxili işlər naziri Jerald Darmanin BFM TV-yə bildirib ki, ölkə üzrə 45 mindən çox əlavə polis və jandarm qüvvələrin cəlb edilib. Onun sözlərinə görə, bu gecə əvvəlkindən daha "sakit" olub. İyulun 1-nə keçən gecə 1300-dən çox insan saxlanılıb. Beş gün ərzində saxlanılanların ümumi sayı 3 mini ötüb.

İğtişaşlar və qarşıdurmalar zamanı azı 45 polis və jandarm əməkdaşı yaralanıb, 570-dən çox avtomobil və 70-dən çox bina yandırılıb. Küçələrdə və ictimai yerlərdə 870-ə yaxın digər yanğın hadisəsi qeydə alınıb.

Lay-le-Roz (Paris ətrafı) kommunasının meri Vinsent Janbrun bildirib ki, ötən gecə etirazçılar avtomobillə onun evini girməyə cəhd ediblər, sonra isə avtomobili yandırıblar. Bələdiyyə sədrinin özü iş yerində olsa da, həyat yoldaşı və iki uşağı evdə olub. Rəsminin sözlərinə görə, onun həyat yoldaşı və qızlarından biri xəsarət alıb.

Fransa prezidenti Emmanuel Makron Almaniyaya iyulun 2-də başlamalı olan səfərini iğtişaşlar səbəbindən təxirə salıb.

Fransada etirazlar polis məmurunun Parisətrafı qəsəbələrdə saxlanılması zamanı Şimali Afrikadan olan 17 yaşlı Nahel M-i güllələyərək öldürməsindən sonra başlayıb. Qətl videoya çəkilib.

Nahelə atəş açan 38 yaşlı polis məmuru həbs edilib. O, qəsdən adam öldürmədə ittiham olunub. Fransa prezidenti Emmanuel Makron qətli “bağışlanmaz” adlandırıb. O, həmçinin “ədalətin qalib gəlməsi üçün” etirazları dayandırmağa çağırıb.