Nazir son 20 ildə cinayətlərin 87 faizinin açıldığını deyir, hüquq müdafiəçiləri rəqəmlərə skeptik yanaşır

Daxili İşlər Nazirliyi

"Azərbaycanda son 20 ildə cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub."

Bu barədə Azərbaycan Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov “Polis Günü”nə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

"Əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb.

Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakı, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatlar keçirilib," nazir qeyd edib.

Nazirin sözlərinə görə, son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb.

"O cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib," nazir deyib.

Hüquqşünas və keçmiş prokuror Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində isə nazirin son 20 ildə açıqladığı statistikanın real təsir bağışlamadığını deyib.

"Belə çıxır ki, bir günə 3. 29 cinayətkar qrup məsuliyyətə cəlb edilib? Əlbəttə, biz də rəsmi statistakaya istinad edirik. Amma rəqəm və faizlərin şişirdildiyinə inanırıq. Məsələn, 2005-ci ildə Bakının mərkəzində qətlə yetrilən jurnalist Elmar Hüseynovun qatillərinin hələ də məsuliyyətdən kənarda olduğu vəziyyətdə cinayətkarlıqla effektiv mübarizədən necə danışa bilərik? Ya da 2009-cu ildə qətlə yetrilən Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin qatilləri hələ də azadlıqdadırsa, kriminogen mühitin nəzarət altında olduğunu necə demək olar? Cavab verə bilərlər ki, qeyd edilən hadisələr üzrə prokurorluq orqanlarında cinayət işi başlansa da nəticə yoxdur," o bildirib.

Rüfət Səfərov -hüquq müdafiəçisi

Rüfət Səfərovun sözlərinə görə, "Əməliyyat-axtarış fəaliyyəti" haqqında qanunun tələbinə əsasən hazırlanan və törədilən cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin aşkar edilməsi və açılması əməliyyat-axtarış fəaliyyətinin vəzifələri sırasındadır.

"Bu istiqamətdə yazılı əməliyyat tapşırıqlarının polis tərəfindən uğursuz icra edildiyi göz önündədir. Jurnalist Aytən Məmmədova ötən il yaşadığı binanın liftində hücuma məruz qaldı, boğazına bıçaq dirəndi. Polisdə cinayət işi başlandı, lakin nəticə yoxdur, şəxs və şəxslərin dairəsi müəyyən edilmədi, məsuliyyət tədbirləri təmin edilmədi. İctimai fəal Bəxtiyar Hacıyev şəhərin mərkəzindən iki dəfə oğurlandı, işgəncəyə məruz qaldı. Bu faktla bağlı cinayət işi açıldı, lakin ciddi istintaq hərəkətləri həyata keçirilmədi. Əvəzində Bəxtiyarın özü cəmiyyətdən təcrid edildi. Eləcə də Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ötən il etiraz tədbirində polis tərəfindən saxlandı, işgəncəyə məruz qaldı, araşdırma nəticəsində məlum oldu ki, heç demə siyasətçi "özü-özünə xəsarət yetiribmiş2. Belə misalların sayı çoxdur və bunlar hüquq mühafizə orqanlarının və polisin fəaliyyətinə müsbət qiymət verməyimizi əngəlləyir", Səfərov qeyd edib.

Hüquqşünas hesab edir ki, polis fəaliyyətini "Polis haqqında" qanuna uyğun surətdə qurmayıb.

"Siyasi hakimiyyətin, mövcud sərt idarəetmənin keşikçisi kimi diqqət cəlb edir. Polisin işində avtoritar üsul-idarənin mənfəəti ön, cəmiyyətin və vətəndaşların mənafeləri arxa plandadır. Bu mənada, Azərbaycanda klassik polis rejiminin bərqərar olduğunu bildirmək olar" , hüquqşünas əlavə edib.

Öz növbəsində insan hüquqları üzrə hüquq müdafiəçisi Samir Kazımlı qeyd edir ki, ictimai-siyasi şəxslərə, jurnalistlərə qarşı törədilən hüquq pozuntuları, cinayət işləri çox vaxt obyektiv araşdırılmayıb.

Samir Kazımlı

"Bu əməlləri törədənlər məsuliyyətə cəlb edilməyib. Bu hallar yerli və beynəlxalq hesabtlarda açıqlanıb, mediada dərc edilib. Buna misal kimi uzaq tarixdə jurnalist Elmar Hüseynovun, yazıçı Rafiq Tağının işlərini göstərmək olar. Bu siyahını davam etmək olar. Əgər rəsmilərin dediyi kimi hüquq mühafizə orqanları qeyri siyasi olan cinayətlərin üstünü aça, cinayət törədənləri məsuliyyətə cəlb edə bilirlərsə, deməli, ictimai-siyasi şəxslərə qarşı olan cinayətin də üstünü açıb cinayət törədənləri məsuliyyətə cəlb edə bilərlər", Samir Kazımlı bildirib.

Onun sözlərinə görə, göründüyü kimi ictimai-siyasi şəxlərə qarşı törədilən cinayət işlərinin üstü açılmır.

"Cinayətkarlar məsuliyyətə cəlb edilmir. Belə olan halda məsuliyyət hakimiyyətin üzərində qalır", hüquq müdafiəçisi bildirib.

Rəsmi Bakı ittihamları qəbul etmir

Daxili İşlər Nazirliyindən söylənilən fikirlərlə bağlı şərh almaq mümkün olmayıb. Lakin hüquq mühafizə orqanları işgəncə və qeyri-insani rəftarla bağlı deyilənləri saxlananılan şəxslərin müdafiəsi məqsədi ilə deyildiyini və reallığı əks etdirmədiyini bəyan edir. Rəsmi Bakı ölkədə insanların fundamental hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir.

Bakının mənzərəsi (view of Baku)

Dövlət Departamenti: Cəzasızlıq problem olaraq qalır

ABŞ Dövlət Departamentinin 2022-ci il üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatında deyilir ki, insan hüquqları ilə bağlı mühüm məsələlər arasında - qanunsuz və ya özbaşına qətllər, təhlükəsizlik qüvvələrinin üzvləri tərəfindən işgəncə və qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəza, ağır şəraitli və bəzən həyat üçün təhlükəli həbsxana şəraiti, əsassız həbs, siyasi məhbuslar, ölkədən kənarda olan şəxslərə qarşı siyasi motivli repressiya, məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlər, şəxsi həyatın toxunulmazlığına özbaşına və ya qanunsuz müdaxilə, ifadə azadlığına və mediaya ciddi məhdudiyyətlər, o cümlədən jurnalistlərə qarşı zorakılıq, ifadə azadlığını məhdudlaşdırmaq üçün cinayət diffamasiya qanunlarının tətbiqi, jurnalistlərin şübhəli ittihamlarla təqib edilməsi və həbs edilməsi, internet azadlığına ciddi məhdudiyyətlər, o cümlədən saytların bloklanması, sərbəst toplaşmaq hüququna faktiki qadağa və birləşmək azadlığına əsaslı müdaxilə, hərəkət azadlığının məhdudlaşdırılması, siyasi həyatda iştiraka ciddi məhdudiyyətlər, sistemli hökumət korrupsiyası, gender əsaslı zorakılığa görə məsuliyyətin olmaması, lezbiyan, gey, biseksual, transseksual, kuir və interseks şəxsləri hədəf alan zorakılıqla bağlı cinayətlər, işçilərin birləşmək azadlığına əhəmiyyətli məhdudiyyətlər, uşaq əməyinin ən pis formalarının mövcudluğu kimi məsələlər var.

"Hökumət insan hüquqlarının pozulmasına və korrupsiya əməllərinə yol verdiyi bildirilən polis əməkdaşlarının əksəriyyətini təqib etməyib və cəzalandırmayıb. Cəzasızlıq problem olaraq qalıb. 2020 və 2022-ci illərdə hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri və ya ayrı-ayrı şəxslər tərəfindən yol verildiyi iddia edilən sıxışdırılma hallarına dair hökumət araşdırmaları ilə bağlı heç bir irəliləyiş qeydə alınmayıb", hesabatda qeyd edilir.