Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi iyunun 23-də feminist fəalların ABŞ səfirliyinin ərazisində keçirdiyi etiraz aksiyası ilə bağlı Amerikanın Səsinin sorğusuna iyunun 26-da cavab verib.
ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin “ABŞ səfirliyinin fəalların aksiyasına, onların tələblərinə, diplomatik ərazidən çıxarılmasına və sosial şəbəkələrdə ABŞ demokratiyası ilə bağlı tənqidi fikirlərə münasibəti necədir?” sorğusuna cavabda bildirib ki, ABŞ səfirliyi etiraz hüququ və söz azadlığı da daxil olmaqla fundamental azadlıqları dəstəkləyir.
“ABŞ Səfirliyi ötən cümə günü səfirlikdə illik Müstəqillik Günü tədbirimizə ev sahibliyi etdi. Tədbirə çoxlu sayda hökumət rəsmiləri, müxtəlif proqramlardan olan tərəfdaşlar, o cümlədən iqtisadi və təhsil sahəsində fəaliyyət göstərən tərəfdaşlar, vətəndaş cəmiyyəti, media və digər qonaqlar dəvət olunmuşdu. Rəsmi proqramın yalnız bəzi hissələri mediaya açıq idi. Gecənin çox hissəsi əlaqələr qurmaq, ABŞ-ın müxtəlifliyini bölüşmək və rəsmi tədbiri qeyd etmək şansı idi. ABŞ səfirliyi etiraz hüququ və söz azadlığı da daxil olmaqla fundamental azadlıqları dəstəkləyir”, ABŞ səfirliyinin cavabında qeyd edilir.
Belə ki, feminist fəallar Amerika Birləşmiş Ştatlarının səfirliyinin ərazisində ABŞ-ın müstəqillik günü münasibətilə keçirdiyi tədbirdə etiraz aksiyası keçirməyə cəhd ediblər. Fəallar Gülnarə Mehdiyeva, Sənubər Heydərova və Nərmin Şahmarzadə Gədəbəy rayonu Söyüdlü kəndində baş verənlərə və həbslərə etiraz rəmzi olaraq boğazlarına insanı boğan qara əl çəkərək dəvətli kimi ABŞ səfirliyinin ərazisinə daxil olub. bu zaman fəallar və aksiyanı işıqlandıran “Abzas Media”nın direktoru Ülvi Həsənli ABŞ səfirliyinin təhlükəsizlik xidməti tərəfindən diplomatik ərazidən çıxarılaraq polisə təhvil verilib. Fəallar və jurnalist Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılıblar, daha sonra isə sərbəst buraxılıblar.
Səfirliyin təhlükəsizlik xidmətinin hərəkəti sosial şəbəkələrdə ABŞ demokratiyası ilə bağlı tənqidi fikirlərə səbəb olub.