Azərbaycanda xüsusi karantin rejiminin müddəti oktyabrın 2-dək uzadıldı. Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb. Sənəddə karantin rejiminin uzadılmasının səbəbləri açıqlanmır.
Bundan öncəki qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılmışdı. Azərbaycanda COVID-19 virusuna ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb və həmin ilin mart ayından bəri ölkədə xüsusi karantin rejimi tətbiq edilib.
Xüsusi karantin rejimi müddəti ərzində ölkədə bir sıra məhdudiyyətlərin tətbiqi ilə yanaşı, quru sərhədləri də bağlanıb. Bu rejimin tətbiq edildiyi üç ildən artıq müddətdə məhdudiyyətlərin çoxu ləğv edilsə də, quru sərhədləri bağlı olaraq qalmaqdadır. İnsanlar quru sərhədlərini yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir.
Mayın 5-da Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun artıq qlobal ictimai səhiyyəyə təhlükə təşkil etdəmədiyini elan edib.