İyunun 22-də ictimai fəal Qiyas İbrahimov Bakının Nizami rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Fəalın anası Şura Əmiraslanova Amerikanın Səsinə bildirib ki, iyunun 22-də günorta saatlarında evlərinə mülki geyimli şəxslər gələrək oğlunu naməlum istiqamətə aparıb.
"Onlar Qiyasdan sosial şəbəkələrdə yaydığı statusu silməyi tələb etdilər. Qiyas isə silməyəcəyini və onlara telefonunu verməyəcəyini dedi. Bundan sonra mülki geyimli şəxlər oğlumu apardılar", o qeyd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Qiyas İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələrinin tərkib əlamətlərinə görə polis tərəfindın toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə onun barəsində 30 sutka müddətinə inzibati həbs tənbeh tətbiq olunub.
Qiyas İbrahimov Facebook səhifəsində kəskin ifadərlərin yer alıdğı status dərc etdikdən sonra saxlanılıb.
Qiyas İbrahimov bundan öncə 2016-cı ildə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin abidəsinə şüar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2019-cu ilin martında Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.