Gədəbəydə polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, xəsarət alanlar var

İyunun 20-də Gədəbəy rayonunda yerli əhali ilə polis arasında insident olub. Xəsarət alanların olduğu bildirilir.

Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz edirlər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. Polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib.

Kənd sakini Sürəyya Əliyeva Amerikanın Səsinə deyib ki, qızıl mədəninin turşu tərkibli sularının örüş torpaqlarında qurulmuş gölməçəyə axıdılmasının ekologiyanı pozması, sakinlər arasında xəstəliklərin yaranmasına səbəb olması ilə bağlı rəsmi qurumlara dəfələrlə şikayətlər edilib.

Your browser doesn’t support HTML5

Sürəyya Əliyeva: Yaşamaq mümkün deyil

"Artıq kimyəvi tərkibli suların toplandığı bir göl dolub. İndi kəndin on metrliyində ikinci göl qurmaq istəyirlər. Bu göllər kəndin örüş sahələrində qurulur. Yaşamaq mümkün deyil. Kənd sakinləri gölün qurulmasına etiraz etdi. Bu zaman polis güc tətbiq etdi, gözyaşardıcı qazdan istifadə etdi. Kənd sakinləri arasında on nəfərədək xəsarət alanlar var. 6 nəfər polis tərəfindən saxlanılıb. Bir qadın da xəsarət alıb. Onun bədənində, üzündə şişlər var. Əraziyə təcili tibbi yardım gəldi, xəsarət alanlara tibbi yardım göstərildi", Əliyeva Amerikanın Səsinə deyib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinə deyiblər ki, bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.

"Həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar. Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar. O ki, qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir", məlumatda qeyd edilir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi bu günlərdə yerli mediaya bildirib ki, xidmətin əməkdaşları tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən Gədəbəy qızıl mədənində istehsal zamanı əmələ gələn sianid tərkibli suların çökdürülməsi üçün nəzərdə tutulan gölə baxış keçirilib.

"Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib. Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır. Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb", məlumatda qeyd olunub.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.