Ukrayna müharibəsində son yeniliklər:
- Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya hücumu ilə bağlı bazar günü paylaşdığı gündəlik kəşfiyyat hesabatında bildirib ki, hər iki tərəfin cənubda itkiləri yüksəkdir: "Rusiyanın itkiləri, güman ki, mart ayında Baxmut uğrunda döyüşün pik həddindən bəri ən yüksək səviyyədədir".
- Kremlin sözçüsü Dmitri Peskov şənbə günü deyib ki, Ukraynaya Rusiyanın nəzarətində olan sulardan təhlükəsiz şəkildə taxıl ixrac etməyə imkan verən BMT-nin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılması üçün "heç bir şans" yoxdur.
- Rusiyanın Ukraynanın şərqindəki Xarkov vilayətinə şənbə günü endirdiyi raket zərbəsi nəticəsində biri kişi və bir qadın olan iki könüllü həlak olub. Bu barədə regionun qubernatoru Oleh Syniehubov Telegram vasitəsilə bildirib.
- Böyük Britaniyanın baş naziri Rişi Sunak gələn həftə keçiriləcək konfransda sahibkarlardan və bizneslərdən Ukraynanın özəl sektoruna sərmayələri gücləndirməyi və Rusiyanın işğalından sonra bu sektorun yenidən qurulmasına və bərpasına kömək etməyi xahiş edəcək.
“New York Times” qəzetinin yazdığına görə, Ukraynanın Kaxovka bəndinin “dağılmasına ən çox ehtimal olunan səbəb” strukturun keçidinə və ya qalereyasına partlayıcının yerləşdirilməsidir.
Qəzet bildirir ki, onların dəyərləndirməsi iki amerikalı mühəndisin, partlayıcı maddələr üzrə mütəxəssisin və bəndin əməliyyatları ilə bağlı geniş təcrübəyə malik ukraynalı mühəndisin rəyinə əsaslanıb.
Su bəndinin uçması nəticəsində minlərlə insan evini itirib və böyük əhəmiyyət kəsb edən əkin sahələri su altında qalıb.
Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa ümid edən Afrika liderlərindən ibarət nümayəndə heyətinin şənbə günü Sankt-Peterburqda təqdim etdiyi sülh təşəbbüsünü rədd edib.
Yeddi Afrika ölkəsinin liderləri Putinə müharibənin bütün dünyaya zərər verdiyini bildirib. Nümayəndə heyəti Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdükdən bir gün sonra Putinlə görüşüb.
Hər iki lider planın işlək olmadığıbı bildirib.
Putin Sankt-Peterburq yaxınlığındakı sarayda Komor adaları, Konqo Respublikası, Misir, Seneqal, Cənubi Afrika Respublikası, Uqanda və Zambiya nümayəndələri ilə şənbə günü danışıqlarını Rusiyanın qitəyə sadiqliyini vurğulamaqla açıb.
Lakin Rusiya prezidenti nümayəndə heyətinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qəbuluna əsaslanan sülh planını rədd edib. O, münaqişəyə görə məsuliyyəti Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən xeyli əvvəl Ukrayna və onun Qərb müttəfiqlərinin daşıması ilə bağlı mövqeyini təkrarlayıb.
Putin həmçinin bildirib ki, ötən ilin əvvəlində qlobal ərzaq qiymətlərində kəskin artımın səbəbi Afrikaya xüsusilə ağır zərbə vurub. O, nümayəndə heyətinə bildirib ki, Ukraynanın Qara dəniz limanlarından taxıl ixracı Afrikanın yüksək ərzaq qiymətləri ilə bağlı çətinliklərini yüngülləşdirmək üçün heç bir iş görmür, çünki taxıl əsasən varlı ölkələrə gedib.
Rusiya bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin ötən ilin iyulunda vasitəçiliyi ilə həyata keçirilən Qara Qara Taxıl Təşəbbüsünü yeniləməyəcəyini bildirdi. Putin deyib ki, Qərb Rusiyanın kənd təsərrüfatı məhsullarını ixrac etmək imkanlarını asanlaşdırılması bağlı verdiyi vədlərdən geri çəkilib.
Nümayəndə heyətinin sülh təşəbbüsü bir gün əvvəl Kyivdə rədd edilmişdi.
Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, istənilən sülh danışıqları Moskva qüvvələrinin işğal olunmuş Ukrayna ərazilərindən çıxarılmasını nəzərdə tutmalıdır. Rusiya isə deyib ki, bu, müzakirə mövzusu ola bilməz.
Şənbə günü gecə videomüraciətində Zelenski Ukraynanın Qərb müttəfiqlərinə Rusiyanın işğalı ilə mübarizədə göstərdikləri hərbi və humanitar dəstəyə görə təşəkkür edib. Zelenski həmçinin “Rusiyanın Kaxovka SES-ə hücumunun nəticələrini aradan qaldırmaqda” Ukraynaya kömək edən hər kəsə təşəkkür edib.
Zelenski həmçinin Lüksemburqa Holodomorun Ukrayna xalqına qarşı soyqırımı kimi rəsmən tanınmasına görə təşəkkür edib. Lüksemburq rəsmi olaraq bu addımı atan 26-cı ölkədir.
Zelenski daha sonra Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiyinə görə Polşaya təşəkkür edib.
ABŞ prezidenti Co Bayden şənbə günü administrasiyasının Ukraynanın NATO-ya üzv olma prosesini asanlaşdırmayacağını söylədi. Keçən həftə o, Ukraynanın NATO üzvlüyünə baxılması zamanı bütün namizədlərin etməli olduğu hərbi və demokratik islahatlar tələbinin qaldırılmasına açıq olduğuna işarə etmişdi.
Lakin şənbə günü o, Ukraynanın transatlantik alyansa qoşulma yolunun yüngülləşdiriməsi ilə bağlı suala cavabında deyib ki, “hər kəs eyni standara cavab verməlidir, ona görə də biz bunu asanlaşdırmayağıq”.
Putin cümə günü xəbərdarlıq edib ki, NATO hərbi alyansının Rusiyanın Ukraynaya qarşı müharibəsinə daha çox cəlb oluna biləcəyi ilə bağlı "ciddi təhlükə" var. O, bu sözləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.
Nüvə silahları
Putin Rusiyanın Belarusa taktiki nüvə silahı yerləşdirməyə başladığını təsdiqləyərək, Qərbin Rusiyaya strateji məğlubiyyətə uğrada bilməyəcəyini bildirib.
"Belarus ərazisinə ilk nüvə başlıqları gətirilib. Ancaq yalnız birinci hissə. Amma biz bu işi yayın sonuna qədər və ya ilin sonuna qədər tam şəkildə görəcəyik", - o bildirib.
Cümə günü Sankt-Peterburqda Rusiyanın iqtisadi forumunda çıxış edən Putin, Rusiyanın hələlik nüvə silahına əl atmasına ehtiyac görmədiyini vurğulayıb. Onun sözlərinə görə, döyüş meydanında istifadə oluna bilən daha qısa mənzilli nüvə silahlarının Belarusa çatdırılması Qərbə Ukraynanın silahlandırılması və dəstəklənməsi ilə bağlı xəbərdarlıq xarakteri daşıyır.
Ağ Ev Putinin şərhlərini qınayıb və ABŞ-ın bu ritorikaya cavab olaraq nüvə mövqeyində heç bir düzəliş etmədiyini bildirib.
ABŞ-ın humanitar yardımı
Birləşmiş Ştatlar cümə günü Ukraynaya ərzaq, təhlükəsiz su, əlçatan sığınacaq və s. kimi kritik dəstək verəcək 205 milyon dollarlıq əlavə humanitar yardımı açıqladı.
“ABŞ-ın cavabı Ukraynanın ümumi təhlükəsizliyini, iqtisadi dirçəlişini, enerji təhlükəsizliyini və Rusiya müharibəsi nəticəsində yaranmış humanitar böhranın öhdəsindən gəlmək imkanlarını inkişaf etdirir. Biz digər donorların bu böhrana cavab tədbirlərinə töhfələrini alqışlayırıq və daha çox donoru Ukrayna və regiondakı ciddi humanitar ehtiyacları səxavətlə dəstəkləməyə çağırırıq”, - deyə dövlət katibi Antoni Blinken bildirib.
ABŞ-ın yardım paketi 2023-cü maliyyə ili ərzində Ukraynaya humanitar yardımın ümumi həcmini 605 milyon dollardan çox təşkil edir. 2022-ci ilin fevralından ABŞ Ukraynaya 2,1 milyard dollardan çox humanitar yardım göstərib.