Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanda səfərdədir.
İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şəriflə təkbətək və geniş tərkibdə görüşü olub.
Prezident Əliyev Pakistan Baş nazirinə Azərbaycan ərazilərinin işğalı və İkinci Qarabağ Müharibəsi zamanı Pakistanın göstərdiyi dəstəyə, həmçinin ərazi bütövlüyünün bərpasına göstərdiyi köməyə görə minnətdarlığını bildirib.
Pakistanın işğal səbəbindən Ermənistanla diplomatik münasibətlər qurmaqdan çəkinən qardaş ölkə kimi mövqeyini vurğulayan Əliyev Baş nazir Şərifə Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları barədə məlumat verib.
Prezident deyib ki, sülh sazişinin imzalanması perspektivləri Ermənistanın siyasi iradə göstərməsi və Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıması şərtilə mövcuddur.
"Bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!" Əliyev deyib.
Azərbaycan lideri Pakistanı Kəşmir məsələsində "hər zaman" dəstəklədiyini və bu siyasi xəttin davam edəcəyini bəyan edib.
Əliyev həmçinin Pakistanla ticarətin həcmini artırmağa və bununla bağlı anlaşma memorandumu imzalamağa hazır olduğunu bildirib. O, həm ənənəvi, həm də bərpa olunan enerji sektorlarında iki ölkə arasında əhəmiyyətli əməkdaşlıq potensialını vurğulayıb.
"Biz, eyni zamanda, razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək.
Əlbəttə ki, enerji sahəsində böyük perspektivlər var, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində. Biz, eyni zamanda, razılığa gəldik ki, şəhərlərimiz arasında uçuşların sayını artıracağıq, xüsusilə də paytaxtlar arasında. Bu isə görüşümüzün, bu səfərin yaxşı nəticəsi olacaqdır", Əliyev qeyd edib.
Prezident Azərbaycan və Pakistan şəhərləri, xüsusilə paytaxtlar arasında aviareyslərin sayının artırılması planını qeyd edib.
Baş nazir Şərifin səfərindən gözlənilən müsbət nəticələri qeyd edən Əliyev təhsil sahəsində əməkdaşlığın əhəmiyyətli potensialını vurğulayıb. Hazırda Azərbaycanda 750 pakistanlı tələbə təhsil alır və məqsəd Azərbaycanda təhsil almaq üçün daha çox pakistanlı tələbə cəlb etməkdir. Prezident Pakistanda təhsil alan və vətənlərinə qayıdaraq müxtəlif sahələrə öz töhfələrini verən azərbaycanlılardan da bəhs edib.
Görüş zamanı Prezident Əliyev və Baş nazir Şərif Pakistan və Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli məsələlərdə oxşar mövqelərə malik olduğunu təsdiq ediblər.
Şahbaz Şərif iki xalq arasında qarşılıqlı dəstək, səmimiyyət və etimada əsaslanan münasibətlərin qardaşlıq xarakterini təsdiqləyib.
Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmaqdan çəkinən ölkələr arasında unikal mövqeyini vurğulayan Baş nazir Azərbaycanı dəstəkləməyin mənəvi borc olduğunu deyib. O bildirib ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasından sonra işarə versə, Pakistan öz mövqeyini yenidən nəzərdən keçirəcək. Şərif Pakistanın bu məsələdə Azərbaycana davamlı dəstəyini vurğulayıb.
O eyni zamanda Azərbaycanın da hər zaman Kəşmir məsələsində Pakistanın yanında olduğunu xatırladıb.
İqtisadi əlaqələrdən danışarkən Şərif deyib ki, Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Bizim, əlbəttə, bu sahədə sıxıntımız var.
"Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün çox baha başa gəlir. Ötən il biz bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Yəni, əziz Qardaşım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının “Aramco” şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim Günəş enerjisi sahəsində potensialımız var", o qeyd edib.
İyunun 15-də Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov ilə də görüşüb.
Azərbaycan şərhçiləri qeyd edirlər ki, Prezident Əliyevlə Baş nazir Şərifin görüşü Azərbaycan ilə Pakistan arasında əlaqələrin və qarşılıqlı əməkdaşlığın daha möhkəmlənəcəyinin göstəricisidir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynov Amerikanın Səsinə deyib ki, Azərbaycan-Pakistan münasibətləri həmişə yüksək səviyyədə olub.
“İkinci Qarabağ müharibəsindən sonra bu münasibətlər yeni bir strateji önəm qazanıb. Qarabağ müharibəsi dövründə həm Azərbaycan xalqı, həm də Azərbyacan dövləti tərəfindən Paristanla münasibətlərin önəmi bir daha öz təsdiqini tapdı," deyə Hüseynov müharibə dövründə Azərbyacan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqlarının küçələrdə qaldırılmasına diqqət çəkib.
Təhlilçinin fikrincə, hazırda Azərbaycan Pakistanla siyasi əlaqələrlə yanaşı iqtisadsi-ticarət əlaqələrinin səviyyəsini yüksəltmək mərhələsindədir.
“Baxmayaraq ki, siyasi, hərbi əməkdaşlıq yüksək səviyyədədir, amma iqtisadi əlaqələrin göstəriciləri potensialından aşağıdır. Belə ki, illik ticarət dövriyyəsi 10 milyon dollardan çox olmayıb. İndi hər iki dövlət çalışır ki, iqtisadi-ticarət əlaqləri də siyasi əlaqələr kimi yüksək səviyyəyə çatsın. Bu baxımdan Pakistan Baş nazirnin səfəri ikitərəfli iqtisadi-ticarət əlaqələrinin potensialının yüksəlməsinə təkan verəcək,” Hüseynov qeyd edib.