ABŞ tərəfləri təmkinli olmağa çağırır

ABŞ iyunun 14-də Azərbaycan-Ermənistan sərhədində iki mülki şəxsin yaralanması ilə nəticələnən atışmadan narahatdır.

“Biz Ermənistanda ABŞ-a bağlı şirkətin iki mülki əməkdaşının Azərbaycan tərəfdən atəşə tutulması nəticəsində yaralanmasından dərin narahatıq. Tərəflər davamlı və balanslaşdırılmış sülhə nail olmaq üçün çalışdığı dövrdə biz sərhədlər boyu təmkinli olmağa çağırışımızı bir daha təkrar edirik,” ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Twitter hesabında yazıb.

Azərbaycan tərəfi Ermənistanda tikilməkdə olan metallurgiya zavodundakı mülki işçilərin hədəfə alınması ilə bağlı ittihamları rədd edir.

Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə özünün "Twitter" səhifəsində yazıb.

"Bu, Ermənistanın diqqəti Azərbaycana qarşı hərbi təxribatlarından və sərhəd zonasında tikilən zavodun mənfi təsirindən yayındırmağa yönəlmiş növbəti uydurmasıdır," o, əlavə edib.

Öz növbəsində iyunun 13-də Ermənistanın Müdafiə Nazirliyi xəbər verib ki, Azərbaycan Silahlı Qüvvələrinin Yerasx (Arazdəyən-red) istiqamətində Ermənistan ərazisini atəşə tutması nəticəsində mülki avtomobilə və bir başqa obyektə ziyan dəyib.

Rəsmi Bakı isə bildirib ki, bu ərazidə razılaşdırılmamış fəaliyyətlə Ermənistan beynəlxalq ekoloji standartları pozur.