"Biz danışıqların növbəti raundunun Vaşinqtonda keçirilməsini səbirsizliklə gözləyirik".
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə deyib.
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə düşməsi sırf iş qrafiki ilə bağlı idi. Tərəflər Cənubi Qafqaz regionu üzrə dinc dialoqu davam etdirdiyi üçün biz danışıqların növbəti raundunun Vaşinqtonda keçirilməsini səbirsizliklə gözləyirik. Daha əvvəl dediyimiz kimi biz inanırıq ki, məsələlərin həlli üçün birbaşa dialoq çox vacibdir. İnanırıq ki, razılaşma əldə edilə bilər. Təəssüf ki, bu görüş planlaşdırma problemlərinə görə irəliləyə bilmədi və biz onu mümkün qədər tez yenidən planlaşdırmağı səbirsizliklə gözləyirik" , Dövlət Departamentinin sözçüsü deyib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.
Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.
ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olub.
Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.
Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüb.
İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, danışıqlar çox məhsuldar keçib və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq olub.
Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırır.
İyunun 2-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə Moskvada üçtərəfli İşçi Qrupunun iclası keçirilib.
Rusiya Baş nazirinin müavini görüşün yekunları ilə bağlı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.
"Xüsusilə, Yeraşx (Arazdəyən)-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub" , o qeyd edib.